Xəbər verdiyimiz kimi, fevralın 21-də prezident İlham Əliyev xanımı Mehriban Əliyevanı birinci vitse-prezident təyin edib. Beləliklə, Azərbaycan Konstitusiyasına əsasən, Mehriban Əliyeva ölkənin ikinci ali vəzifəli şəxsi statusu alıb.
Novator.az xatırladır ki, vitse-prezidentlik institutu Azərbaycan Konstitusiyasına ötən il sentyabrın 26-da keçirilmiş referendumda daxil edilib. Azərbaycan Konstitusiyasından çıxarışı oxucuların diqqətinə çatdırırıq:
Maddə 1031. Azərbaycan Respublikasının vitse-prezidentləri
I. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.
II. Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir.
Maddə 105. Azərbaycan Respublikası Prezidenti vəzifədən getdikdə onun səlahiyyətlərinin icrası
I. Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə 60 gün müddətində növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilir. Bu halda Azərbaycan Respublikasının yeni Prezidenti seçilənədək Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti icra edir.
II. Bu müddət ərzində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ardıcıllıqla Azərbaycan Respublikasının vitse-prezidenti Birinci vitse-prezident statusu almış olur və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edir.
Maddə 1061. Azərbaycan Respublikası vitse-prezidentlərinin toxunulmazlığı
I. Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikasının vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır.
II. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.
III. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.
IV. Azərbaycan Respublikasının vitse-prezidentinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən xitam verilə bilər.
Maddə 1081. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin təminatı
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və onun ailəsi dövlət hesabına təmin edilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir.