“Hər bir ölkənin ərazi bütövlüyünə hörmət edilməlidir, onu pozmaq olmaz. Beynəlxalq səviyyədə tanınan sərhədlər güc yolu ilə dəyişdirilə bilməz”. Prezident İlham Əliyev fevralın 18-i Münhen Təhlükəsizlik Konfransı zamanı keçirilən Avrasiyada əməkdaşlıq və problemlər müzakirəsində belə deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın üzləşdiyi ən böyük problem Ermənistanın apardığı davamlı işğaldır: “Bu, etnik təmizləmə və ərazimizin 20 faizinin işğalı ilə nəticələnib. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələr iyirmi ildən artıqdır kağız üzərində qalır. Bütün münaqişələrin həlli eyni prinsipə, eyni yanaşmaya əsaslanmalıdır. Hər bir ölkənin ərazi bütövlüyünə hörmət edilməlidir, onu pozmaq olmaz. Beynəlxalq səviyyədə tanınan sərhədlər güc yolu ilə dəyişdirilə bilməz.
Ermənistan və Azərbaycan arasında münaqişə həmçinin region üçün ən böyük təhlükədir. Bizim konstruktiv siyasətimiz münaqişənin BMT Təhlükəsizlik Şurasının və digər vacib təşkilatların qəbul etdiyi qətnamələr əsasında sülh yolu ilə ən tez nizamlanması məqsədini daşıyır”.
Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki fəaliyyəti ilə bağlı suala cavabında İlham Əliyev bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan Rusiya, ABŞ və Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi təcavüzkara təzyiq göstərməli, onların iştirakı ilə münaqişənin həllinə dair Təhlükəsizlik Şurasında qəbul olunan dörd qətnamə yerinə yetirilməlidir.
“Ermənistan təkcə Dağlıq Qarabağı yox, həmçinin erməni əhalisinin heç vaxt yaşamadığı ətraf yeddi rayonu da işğal edib” deyən dövlət başçısı qondarma “Dağlıq Qarabağ rejimi”nin keçirəcəyi “referendum”un tamamilə qanunsuz olduğunu və dünyanın heç bir ölkəsində tanınmadığını vurğulayıb.
“Avropanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında rolu ilə bağlı gözləntiləriniz nədir” sualına cavabında İlham Əliyev bildirib ki, Dağlıq Qarabağda baş verənlərlə bağlı Ermənistana sanksiyalar tətbiq olunmayıb və bu ikili yanaşma aradan qaldırılmalıdır. Dövlət başçısı səylərin birləşdirilməsi və təcavüzkar Ermənistana torpaqları boşaltmaqla bağlı təzyiq göstəriləcəyi təqdirdə münaqişənin tezliklə həll olunacağına ümid etdiyini diqqətə çatdırıb.
Novator.az-ın məlumatına görə, həmin gün İlham Əliyev BMT-nin baş katibi Antonio Quterreşlə görüşündə də Qarabağ məsələsindən söz açıb. O deyib ki, danışıqlar prosesində ciddi irəliləyiş yoxdur. Dövlət başçısı son zamanlar Ermənistanın danışıqlarda az qala könülsüz iştirak etdiyini, münaqişənin həlli istiqamətində əldə olunan müəyyən razılaşmaları pozduğunu vurğulayıb.
Antonio Quterreş Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində əsas şərtlərin nədən ibarət olması ilə maraqlanıb. Dövlət başçısı deyib ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayon işğaldan azad edilməli, qaçqınlar və məcburi köçkünlər doğma yurdlarına qayıtmalı, bölgədə sülhməramlı qüvvələr yerləşdirilməlidir: “Məhz bundan sonra Dağlıq Qarabağın statusuna dair referendumun keçirilməsi mümkündür”.
İlham Əliyev BMT-nin və baş katib Antonio Quterreşin mövcud vəziyyətə müdaxilə edib prosesin sürətlənməsinə daha yaxından təkan verməsinin əhəmiyyətini vurğulayıb.