Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi prezidentin 14 fevral fərmanı ilə əlaqədar açıqlama yayıb.
14 fevral fərmanı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 23 yanvar fərmanına əlavələrdən ibarətdir. Yeniliyə görə, fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınması haqlarını dövlət ödəyəcək.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bildirir ki, fərmanda müəyyən dəyişiklik edilməsi aidiyyəti dövlət qurumlarına əvvəlcədən məlum idi və bu barədə ölkə prezidenti məlumatlandırılmışdı: “Məlum idi ki, təbii qazla təmin olunmayan yataqxanalar, tikintisi yarımçıq qalmış binalar, pansionatlar və digər obyektlərdə sayğacların quraşdırılması texniki və istismar baxımından mümkün deyil. Buna görə də prezident hələ keçən ilin dekabr ayında Dövlətqaçqınkoma, kommunal xidmət təşkilatlarına, yerli və əraziləri işğal olunmuş rayon icra hakimiyyətlərinə tapşırıq vermişdi ki, belə obyektlərdə 2017-ci ilin yanvar ayı ərzində məcburi köçkünlərin adambaşına elektrik sərfi üzrə monitorinq aparılsın. Bununla əlaqədar olaraq Dövlətqaçqınkom, kommunal xidmət təşkilatları və aidiyyəti icra hakimiyyətləri ilə birlikdə monitorinq aparıldı və təbii qazla təmin olunmayan obyektlərdə adambaşına 1 ay ərzində istifadə olunan elektrik enerjisinin hazırkı dövr üçün real sərfi müəyyənləşdirildi. Həmin monitorinqin nəticələri barədə prezidentə məlumat verildi.
14 fevral 2017-ci ildə imzalanan fərmana görə, fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx, kompakt müvəqqəti məskunlaşma yerlərində (yataqxana, pansionat və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqlar 1 yanvar 2017-ci ilədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada birbaşa kommunal xidmət təşkilatlarına ödəniləcək. Bunun üçün yerli və əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri, kommunal xidmət təşkilatları göstərilən obyektlərdə faktiki yaşayan məcburi köçkünlərin adlı siyahılarını təcili olaraq Dövlətqaçqınkoma təqdim etməlidir.
Fərmana uyğun olaraq fərdi qaydada təbii qazla təmin olunmayan sıx, kompakt müvəqqəti məskunlaşma yerlərində məcburi köçkünlərin istehlak etdiyi elektrik enerjisinə görə haqlar Nazirlər Kabinetinin müəyyən etdiyi limitə uyğun olaraq 2017-ci il 1 fevralından dövlət hesabına mərkəzləşmiş qaydada “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə, su ilə bağlı ödənişlər isə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ödəniləcək.
Həmin məcburi köçkün ailələrinin sayı barədə məlumatları aidiyyəti qurumlar komitəyə təqdim edib. Lakin yerli və əraziləri işğal olunmuş icra hakimiyyətləri, kommunal xidmət təşkilatları komitənin yerli nümayəndələri ilə birlikdə təcili olaraq həmin obyektlərdə faktiki məskunlaşan məcburi köçkünlərin adlı siyahılarını Dövlətqaçqınkoma təqdim etməlidir.
Fərmanla Nazirlər Kabinetinə fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində istehlak olunan elektrik enerjisi üzrə limitin 3 gün ərzində müəyyən edilməsi tapşırılıb.
Əlavə olaraq bildiririk ki, həm fərdi qaydada sayğaclar quraşdırılması mümkün olmayan, həm də təbii qazla təmin olunmayan obyektlərdə yaşayan məcburi köçkünlərə ayda 20 manat həcmində müavinət veriləcək. Əraziləri işğal olunmuş rayonların təqdim etdikləri siyahı əsasında həmin müavinətlər əvvəlki qaydada əraziləri işğal olunmuş rayonların hesabına köçürüləcək və məcburi köçkünlərin plastik kartlarına ödəniləcək.
Təbii qazla təmin olunmayan yerlər qazlaşdırıldıqdan, qəzalı binalar köçürüldükdən və sayğaclaşma mümkün olan yerdə quraşdırıldıqdan sonra o obyektlərdə yaşayan və ya köçürülən məcburi köçkünlər yenidən vahid müavinətlə təmin olunacaqlar”.