Münhen Təhlükəsizlik Konfransına qatılan xarici işlər naziri Elmar Məmmədyarov fevralın 16-da ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Riçard Hoqland (ABŞ), həmçinin ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin intensivləşdirilməsinə dair fikir mübadiləsi aparılıb. Elmar Məmmədyarov münaqişənin həlli prosesində irəliləyişə nail olmaq üçün substantiv danışıqlara başlamaq məqsədilə səylərin artırılmasının vacibliyini vurğulayıb.
Həmin gün ATƏT rəsmiləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla da bir araya gəliblər.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşlərdən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin dəvəti əsasında Azərbaycan və Ermənistan xarici işlər nazirləri birgə şam ediblər.
Həmsədrlər görüşlərin yekunlarına dair bəyanat yayıblar. APA-nın məlumatına görə, görüşlərdə qoşunların təmas xəttindəki vəziyyətin müzakirə olunduğu vurğulanır. Həmsədrlər münaqişənin dinc yolla həllinə alternativin olmadığını bildirir, tərəfləri təmkinə, əhalini müharibəyə deyil, sülhə hazırlamağa, atəşkəsə riayət etməyə çağırırlar. Bəyanata görə, həmsədrlər görüşlərdə gücdən istifadənin yalnız əzab gətirəcəyini və beynəlxalq ictimaiyyətin qınağına səbəb olacağını qeyd ediblər, Vyana və Sankt-Peterburqda keçirilən yüksək səviyyəli görüşlərdə əldə olunan razılaşmaların icrası üçün görüləcək tədbirlərə dair tərəflərlə fikir mübadiləsi aparıblar.
Fevralın 20-si Dağlıq Qarabağda keçiriləcək “konstitusiya referendumu”na toxunan həmsədrlər qeyd ediblər ki, Ermənistan və Azərbaycan da daxil olmaqla heç bir ölkə Dağlıq Qarabağı müstəqil və suveren ölkə kimi tanımır: “Həmsədrlər 20 fevral “referendumu”nun nəticələrinin Dağlıq Qarabağın hüquqi statusuna təsir edə biləcəyini qəbul etmirlər. Nəticələr heç bir halda Dağlıq Qarabağın yekun statusunu və ya münaqişənin sülh yolu ilə nizamlanmasına yönəlmiş danışıqların yekununu qabaqcadan müəyyənləşdirmir”.
1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ bölgəsi (Ağdərə, Xocavənd, Xankəndi, Xocalı, Şuşa) və daha 7 rayon (Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Füzuli) zəbt edilib. 1994-cü ildə elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir.