Mərkəzi Bank illik pul siyasəti icmalını açıqlayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, 2016-cı ildə qlobal iqtisadi mühit Azərbaycan üçün əlverişsiz olaraq qalıb: “Neftin orta illik qiymətinin əvvəlki illə müqayisədə aşağı düşməsi və başlıca iqtisadi tərəfdaşlarda müşahidə olunan zəif iqtisadi artım ölkənin tədiyyə balansı göstəricilərinə və məcmu tələbə təsir göstərib. Xarici valyuta gəlirlərinin azalması şəraitində ölkədə makroiqtisadi sabitliyin qorunması ilə bağlı çağırışlar diqqət mərkəzində olub.
Mərkəzi Bank 2016-cı ildə öz mandatına uyğun funksiyalarının həyata keçirilməsini təmin etməklə ölkədə makroiqtisadi sabitliyin qorunmasına zəruri dəstək verib. Pul siyasəti il ərzində makroiqtisadi sabitliyin başlıca göstəricisi olan qiymət sabitliyinə və bu əsasda milli valyutaya olan etimadın gücləndirilməsinə yönəldilib. Pul təklifinin həcmi müvafiq qurumlarla razılaşdırılmış pul proqramına uyğun şəkildə tənzimlənib, makroiqtisadi vəziyyətdən və proqnozlardan asılı olaraq pul siyasəti alətlərinin kəmiyyət parametrlərinə zəruri korreksiyalar edilib. Eyni zamanda pul siyasətinin strateji və əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində səylər gücləndirilib.
Mərkəzi Bank 2015-ci ilin sonunda elan etdiyi məzənnə rejiminin tətbiqini 2016-cı ildə davam etdirməklə milli valyutanın məzənnəsinin makroiqtisadi fundamentallar əsasında formalaşmasına şərait yaradıb. Məzənnənin valyuta bazarında formalaşmış tələb və təklifdən asılı olaraq müəyyən edilməsinə şərait yaratmaq üçün Mərkəzi Bank valyuta bazarında iştirakını minimuma endirib. Ümumilikdə Mərkəzi Bankın həyata keçirdiyi pul siyasəti il ərzində inflyasiyanın artımının məhdudlaşdırılmasında mühüm rol oynayıb”.
İcmalda qeyd olunur ki, hesabat ilində ölkənin strateji valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilib: “2016-cı ilin sonuna strateji valyuta ehtiyatları 37,6 milyard ABŞ dolları təşkil edərək 28 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 4,1 dəfə üstələyib. Strateji valyuta ehtiyatlarının həcmi ötən ilin yekunu üzrə ÜDM-in həcminə bərabər olub”.