Cəza siyasətində dəyişiklikləri nəzərdə tutan prezident sərəncamının icrasına başlanıb. Bununla əlaqədar Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Ali Məhkəmədə işçi qrupları yaradılıb. İşçi qrupları birgə işlər aparır, qanunvericilik ciddi təhlil olunur. Ədliyyə nazirinin müavini Azər Cəfərov AZƏRTAC-a belə deyib.
Cəfərov bildirib ki, Azərbaycanın cinayət qanunvericiliyində 980 cinayət tərkibi mövcuddur: “Onların çox az hissəsində, təxminən 4-5 faizində azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmur. Qalan hissədə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur, bunlardan 60 faizində azadlıqdan məhrumetmə yalnız tək əsas cəzadır. Ona görə də məhkəmələr azadlıqdan məhrumetmə cəzasına daha çox üstünlük verir.
Azərbaycanın inkişafı, əldə etdiyi uğurlar, insanların düşüncə tərzinin ciddi dəyişməsi fonunda cinayət qanunvericiliyinə də baxış yenilənməli idi. Sərəncamın verilməsinin əsas səbəblərindən biri budur. Bu, nəticə etibarilə cəzaların liberallaşdırılmasına gətirib çıxaracaq, cinayət tərkiblərinin dekriminallaşdırılmasına, cəza siyasətinin humanistləşdirilməsinə, bir sıra cəzaların alternativ cəzalarla əvəzlənməsinə şərait yaradacaq”.
Fevralın 10-da prezident İlham Əliyev penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə Ədliyyə Nazirliyində yeni qurum – Probasiya Xidməti yaradılıb.