Novator.az Milli Məclisin 14 fevral iclasında qəbul olunmuş “Hərbi vəziyyət haqqında” qanundan seçmələri təqdim edir. 5 fəsil, 27 maddədən ibarət qanun Azərbaycanın bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhə boyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir.
Hərbi vəziyyətin elan edilməsinin əsasları qanunda belə göstərilib:
– Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktiki işğal edildikdə;
– xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə elan etdikdə;
– Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda;
– Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda, habelə belə blokada üçün real təhlükə olduqda.
Hərbi vəziyyət prezident fərmanı ilə elan edilir. Fərman Milli Məclisdə təsdiq edildikdə qüvvəyə minir.
Hərbi vəziyyət dövründə bu tədbirlərin həyata keçirilməsi nəzərdə tutula bilər:
– təxsislənmiş (bron edilmiş) dövlət maddi ehtiyatlarından istifadə olunması;
– ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması, hərbi və mühüm dövlət obyektlərinin, əhalinin təhlükəsiz yaşayış şəraitini təmin edən obyektlərin, nəqliyyatın, telekommunikasiya şəbəkə, qurğu və obyektlərinin, poçt obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin, enerji təchizatı müəssisələrinin, baş enerji nəqletmə sistemlərinin, insanlar və ətraf mühit üçün yüksək təhlükə mənbəyi olan xüsusi obyektlərin mühafizəsinin gücləndirilməsi;
– mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların xüsusi iş rejiminə keçirilməsi;
– stasionar və ya müvəqqəti yaşayış yerlərində məskunlaşdırılması şərtilə əhalinin, təsərrüfat və sosial təyinatlı obyektlərin, maddi və mədəni sərvətlərin təhlükəsiz rayonlara təxliyə olunması (köçürülməsi);
– hərbi vəziyyət rejimini pozmaqda şübhə edilən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlara məxsus bina və otaqların, nəqliyyat vasitələrinin yoxlanılması;
– hərbi vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyaların, həmkarlar ittifaqlarının, ictimai birliklərin, fondların və digər qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dayandırılması;
– rabitədən istifadə üçün xüsusi qaydalara riayət olunması, telekommunikasiya şəbəkə, qurğu və obyektlərinin, poçt obyektlərinin fəaliyyətinin sabitliyinin təmin olunmasına nəzarətin gücləndirilməsi;
– təhsil müəssisələrinin iş rejiminin dəyişdirilməsi, yaxud fəaliyyətinin dayandırılması;
– karantinin tətbiq edilməsi, icbari sanitariya-gigiyena, epidemiya əleyhinə və baytarlıq tədbirlərinin keçirilməsi;
– hərbi vəziyyət şəraitində məxfilik rejiminin gücləndirilməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi;
– silah, döyüş sursatı, xüsusi vasitələr, zəhərli və ya partlayıcı maddələrin satışının məhdudlaşdırılması və ya qadağan olunması, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları və ya tərkibində güclü təsirə malik olan maddələr olan dərman preparatlarının, spirtli içkilərin dövriyyəsi üzrə xüsusi rejimin yaradılması, fiziki şəxslərdən odlu və soyuq silahın, döyüş sursatının, zəhərləyici və ya partlayıcı maddələrin, hüquqi şəxslərdən isə həmçinin təlim hərbi texnikasının və radioaktiv maddələrin müvəqqəti götürülməsi;
– gündəlik tələbat mallarının, o cümlədən ərzaq və sənaye məhsullarının əldə olunmasında (satışında) xüsusi qaydaların tətbiq edilməsi;
– müvafiq şəxslərin internə edilməsi;
– yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlərin, habelə digər kütləvi tədbirlərin keçirilməsinin qadağan edilməsi və ya məhdudlaşdırılması;
– hərbi vəziyyətin elan olunduğu əraziyə (ərazilərə) xüsusi giriş-çıxış rejiminin tətbiqi və təmin edilməsi;
– Azərbaycan Respublikasına gəlmənin və Azərbaycan Respublikasından getmənin xüsusi qaydalarının tətbiq edilməsi;
– yaşayış və ya olduğu yeri seçmək hüququnun məhdudlaşdırılması;
– nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması;
– komendant saatı tətbiq edilməklə şəxslərin xüsusi icazə vərəqələri və şəxsiyyəti təsdiq edən sənədləri olmadan günün müəyyən edilmiş vaxtlarında küçələrdə və ya digər ictimai yerlərdə olmalarının qadağan edilməsi;
– şəxslərin xüsusi icazə vərəqələrinin və şəxsiyyətini təsdiq edən sənədlərinin yoxlanılması, qanunda nəzərdə tutulmuş əsaslarla onların şəxsi əşyalarına, mənzillərinə və nəqliyyat vasitələrinə baxış keçirilməsi, həmin şəxslərin və nəqliyyat vasitələrinin tutulub saxlanılması;
– hərbi vəziyyət rejimini pozan və hərbi vəziyyətin tətbiq edildiyi ərazidə yaşamayan şəxslərin həmin ərazinin hüdudlarından çıxarılması;
– kütləvi informasiya vasitələrinin məlumat və materiallarının hərbi senzuradan keçirilməsi;
– hərbi vəziyyət tətbiq edildiyi ərazidə (ərazilərdə) kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejiminin tətbiq edilməsi, qanuni əsaslar olduqda onların fəaliyyətinin məhdudlaşdırılması və ya dayandırılması haqqında aidiyyəti orqanlara təqdimatlar verilməsi;
– cəbhə boyu zonada kütləvi informasiya vasitələrinin fəaliyyətinin tənzimlənməsi;
– əməyin mühafizəsi normalarına və qaydalarına tam riayət olunmaqla əhalinin təhlükəsiz yaşayış şəraitini təmin edən obyektlərin bərpası, yanğın, təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılmasına fiziki və hüquqi şəxslərin cəlb edilməsi;
– mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatların fəaliyyətinin tətil və ya digər üsullarla dayandırılmasının qadağan edilməsi;
– müdafiə ehtiyaclarının yerinə yetirilməsini təmin etmək məqsədi ilə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatların güc və əmək ehtiyatlarının (resurslarının) səfərbər olunması, səfərbərlik planlarına (tapşırıqlarına) uyğun olaraq onların istehsalat fəaliyyətinin növünün və ya iş rejiminin dəyişdirilməsi (o cümlədən işçilərin iş vaxtından artıq vaxtda işə cəlb olunması, əmək məzuniyyətindən istifadə edilməməsi və ya məzuniyyətin başqa vaxta keçirilməsi), bağlanılmış müqavilələr əsasında hərbi və mühüm mülki məhsulların istehsalına yönəldilməsi;
– qanunla müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərin istifadəsində və mülkiyyətində olan daşınar və daşınmaz əmlakın əvəzi ödənilməklə, dövlət mülkiyyətində olan daşınar və daşınmaz əmlakın isə əvəzsiz olaraq müdafiə ehtiyacları üçün alınması və ya istifadə edilməsi.
Qanunda hərbi vəziyyət dövründə referendumun, seçkilərin və ya yerli rəy sorğusunun keçirilməsinin yolverilməzliyi yer alır. Azərbaycan Respublikası ərazisinin 25 faizindən çoxunda hərbi vəziyyət elan edildikdə, hərbi vəziyyət dövründə, həmçinin hərbi vəziyyət ləğv edildikdən sonra 3 ay müddətində referendum, seçkilər və ya yerli rəy sorğusu təyin edilə və keçirilə bilməz.
Hərbi idarəetmə orqanlarının hərbi qulluqçuları, habelə aidiyyəti dövlət orqanlarının əməkdaşları xidməti (qulluq) vəzifələrinin icrası zamanı hərbi vəziyyət rejiminin təmin olunması ilə əlaqədar aşağıdakı qanunazidd hərəkətlərin qarşısının alınması üçün silah, hərbi və xüsusi texnika, fiziki güc və xüsusi vasitələri tətbiq edə bilərlər:
– dövlət və hərbi obyektlərə, fiziki və hüquqi şəxslərə edilən hücumlar;
– hərbi qulluqçuların, aidiyyəti dövlət orqanlarının əməkdaşlarının həyat və sağlamlığı üçün təhlükə törədən əməllər və ya onlara göstərilən müqavimət;
– mühafizə olunan obyektlərə və qoşun birləşmələrinin dislokasiya yerlərinə qanunsuz daxilolma cəhdləri;
– kütləvi iğtişaşlar və ictimai asayişin pozulması.