Dövlət Neft Fondu (DNF) 2016-cı ilin gəlir və xərclərini açıqlayıb. Novator.az-a verilən məlumatda bildirilir ki, 2016-cı ildə DNF-nin gəlirləri 9 milyard 410,2 milyon manat, xərcləri 9 milyard 22,1 milyon manat olub.
Neft və qaz sazişlərinin həyata keçirilməsindən 8 milyard 341,4 milyon manat, fondun vəsaitinin idarə olunmasından 1 milyard 68,8 milyon manat əldə edilib. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqdən gəlir 5 milyard 705,7 milyon manat təşkil edib.
2016-cı ildə 7 milyard 615 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.
Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərə 90 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 70 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 66,2 milyon manat vəsait ayrılıb.
31,6 milyon manat vəsait Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramının maliyyələşdirilməsinə yönəldilib.
Cənub Qaz Dəhlizi layihəsi üzrə 797,4 milyon manat, “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə isə 331,8 milyon manat vəsait ayrılıb.
DNF-nin idarə edilməsi ilə bağlı xərclər 20,1 milyon manata bərabər olub.
2017-ci il yanvarın 1-nə fondun aktivləri 2016-cı ilin əvvəlinə (33 milyard 574,1 milyon ABŞ dolları) nisbətən 1,27 faiz azalaraq 33 milyard 147 milyon ABŞ dollarına düşüb.