Fevralın 14-ü Milli Məclisin iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib. AZƏRTAC xəbər verir ki, məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.
Məruzəyə görə, 2016-cı ildə vətəndaşlardan Bələdiyyələrlə İş Mərkəzinə 2320 müraciət daxil olub. Onların 50 faizi torpaq məsələləri ilə bağlıdır. Torpaq məsələləri ilə bağlı müraciətlərin 538-i torpaq sahələrinin ayrılmaması, 145-i torpaq sahələrinin sənədləşdirilməməsi, 557-si torpaq mübahisələri ilə əlaqədardır.
Müraciətlərin 126-sı təmin edilib. 27 müraciətlə əlaqədar inzibati araşdırma aparılıb. Bunlardan 9 fakt üzrə xırda nöqsanlar aşkarlanıb, bələdiyyələrə bu nöqsanların aradan qaldırılması üçün tövsiyələr verilib. Müraciətlər üzrə 18 fakt üzrə çox ciddi pozuntu üzə çıxıb və prokurorluq orqanlarına müraciət edilib. Bələdiyyə aktlarının ekspertizası və müraciətlər də nəzərə alınmaqla il ərzində 58 fakt üzrə hüquq mühafizə orqanlarına müraciət edilib, 12 cinayət işi başlanıb.
Ötən il Qusar rayonunun Samur bələdiyyəsində 70 hektar torpağın 30 min manata qanunsuz satılması, torpaqların şübhəli sənədlərlə xüsusi mülkiyyətə verilməsi faktı aşkarlanıb. 2016-cı ildə 8359 hektar qanunsuz verilən bələdiyyə torpağı bələdiyyələrə qaytarılıb.