Xəbər verildiyi kimi, fevralın 13-də Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adlanan yeni nazirliyə Ramin Quluzadə başçılıq edəcək. O, 2016-cı il yanvarın 15-dən rabitə və yüksək texnologiyalar naziri idi.
Novator.az bildirir ki, nəqliyyat naziri postunu Ziya Məmmədov tuturdu.
64 yaşlı Ziya Məmmədov Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv Deposunda maşinist köməkçisi kimi başlayıb, maşinist, istismar sexinin partiya təşkilatının katibi və həmkarlar komitəsinin sədri, Azərbaycan Dəmir Yolu hərəkət xidmətinin Lokomotiv dispetçeri, Biləcəri Lokomotiv Deposu rəisinin kadr və məişət işləri üzrə müavini vəzifələrində çalışıb.
Biləcəri Lokomotiv Deposu Dəvəçi əvəzedici məntəqəsinin, Gəncə Lokomotiv Deposunun, Azərbaycan Dəmir Yolu Lokomotiv təsərrüfatı xidmətinin rəisi olub. Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi rəisinin lokomotiv və vaqon təsərrüfatı üzrə müavini vəzifəsində çalışıb, daha sonra rəis vəzifəsində işləyib.
2002-cı ildən nəqliyyat naziri idi.