Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov AZƏRTAC-a müsahibəsində “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” prezident sərəncamını şərh edib. O deyib ki, sərəncamın əsas məqsədlərindən biri cinayət törətmiş şəxsləri cəmiyyətdən təcrid etmədən islah etmək üçün zəruri şərait yaratmaqdır: “Məhz bu məqsədə nail olmaq üçün Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin yaradılmasına qərar verilib. Probasiya termininin latıncadan tərcüməsi sınaq deməkdir və hüquq nəzəriyyəsində bu anlayış şəxsin müəyyən şərtlərə riayət etməsi müqabilində cəzadan azad edilməsi mənasında istifadə olunur. Probasiya institutu əksər Qərb ölkələrinin – İsveç, ABŞ, Finlandiya, Latviya, Böyük Britaniya, Danimarka, Estoniya və digər ölkələrin cinayət mühakimə sistemlərinin mühüm tərkib hissəsidir.
Xarici ölkələrdə mövcud probasiya xidmətlərinin funksiyaları və səlahiyyət dairəsi müəyyən cəhətlərinə görə fərqlənsə də, onları birləşdirən ümumi xarakterik xüsusiyyətlər var. Bu xidmətlər şərti məhkum etmə zamanı məhkumun hökmlə müəyyən edilmiş şərtlərə riayət etməsinə nəzarət edən, habelə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrasını təmin edən qurumlardır.
Ölkəmizdə yaradılacaq probasiya xidmətinin əsas vəzifələri azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş və ya şərti məhkum edilmiş şəxslərlə işin təşkilini keyfiyyətcə yeni səviyyəyə qaldırmaq, bu fəaliyyətə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin etmək olacaq.
Prezident istintaq və məhkəmə orqanlarına həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqini azaltmaq və alternativ cəza və qətimkan tədbirlərinin tətbiqi mümkünlüyünü nəzərdən keçirməyi tövsiyə edib.
Müasir dövrdə texnoloji nailiyyətlər insanı həbs etmədən onun davranışına tam nəzarəti həyata keçirməyə imkan verir və dünyanın bir sıra ölkələrində penitensiar sahədə elektron nəzarət sistemləri geniş tətbiq olunur. Əfsuslar olsun ki, cinayət-prosessual qanunvericilikdə elektron nəzarət vasitələrinin tətbiqinə dair bir sıra ümumi müddəalar nəzərdə tutulsa da, bu günədək təcrübədə hüquq mühafizə orqanları onlardan istifadəni təmin etməyib.
Elektron nəzarət vasitələrinin tətbiqi – məhkumun və ya təqsirləndirilən şəxsin yerləşdiyi yeri müəyyən etməyə və onun yerdəyişmələrini qeydə almağa imkan verən texniki vasitənin həmin şəxsin üzərində yerləşdirilməsindən ibarətdir. Bu vasitələr çox vaxt qolbaq və ya saat formasında hazırlanır, xüsusi çiplərlə təchiz edilir və rabitə şəbəkələrinə qoşulur.
Elektron nəzarət vasitələrinin zədələnməsi, icazəsiz çıxarılması və ya onlara müdaxilə edilməsi cəhdləri olduqda bu barədə dərhal monitorinq mərkəzinə siqnal ötürülür və həmin şəxslərin qanunazidd davranışının qarşısının alınması üçün müvafiq tədbirlər görülür.
Sözsüz ki, elektron nəzarət vasitələrinin tətbiqi halları, qaydaları və şərtləri, həmçinin onların tətbiqinə məhdudiyyətlər detallı şəkildə işlənib hazırlanmalıdır. Məhz bu məqsədlə Ədliyyə Nazirliyi və Baş Prokurorluq müvafiq normativ aktların layihələrini hazırlayacaq.
Cəza siyasətinin humanistləşdirilməsi məqsədilə iki istiqamət müəyyən olunub. İlk növbədə məhkəmələrə cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədlərini rəhbər tutmaları, cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət etmələri tövsiyə olunub.
İkinci istiqamət isə qanunvericiliyin təkmilləşdirilməsi yolu ilə cinayət-hüquq siyasətinin liberallaşdırılmasına nail olunmasıdır. Bu məqsədlə cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi ilə bağlı qanun layihələrinin hazırlanması nəzərdə tutulub.
Bundan başqa böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması ilə bağlı qanun layihələrinin hazırlanması tövsiyə edilib.
Aparılmış təhlillər göstərir ki, bir sıra hallarda böyük ictimai təhlükə törətməyən cinayətlərə görə şəxslərin həbs edilməsinə rast gəlinir. Bu halların qarşısının alınması məqsədilə istintaq və məhkəmə orqanlarına tövsiyə edilib ki, qətimkan tədbirlərinin seçilməsi məsələsinə baxılarkən hər bir şəxs barəsində ilk növbədə həbslə bağlı olmayan qətimkan tədbirlərinin tətbiqi mümkünlüyünü araşdırsınlar. Böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər üzrə həbs qətimkan tədbiri yalnız müstəsna hallarda müvafiq əsaslar mövcud olduqda tətbiq edilsin.
Həbs qətimkan tədbirinin tətbiqi məhkəmələrin müstəsna səlahiyyətidir. Prezident Administrasiyasına icra hakimiyyəti orqanlarının məhkəmələrə həbs qətimkan tədbirlərinin seçilməsi məsələləri ilə əlaqədar təsir etmək cəhdləri barədə məlumatlar daxil olur. Məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olan prezident məhz bu kimi neqativ halların tam istisna olunması üçün məhkəmələrə həbsin seçilməsi ilə bağlı yalnız qanunun tələblərini rəhbər tutmalı olduqlarını xüsusi vurğulayıb. Sərəncamda həmçinin Ali Məhkəməyə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə təcrübəsinin mütəmadi olaraq ümumiləşdirilməsi tövsiyə edilib”.