Fevralın 13-də prezident İlham Əliyev Ramin Quluzadənin nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilməsi haqda sərəncam imzalayıb.
Novator.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi elə həmin gün yaradılıb. Dövlət başçısının fərmanı ilə Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilib və yeni nazirlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adlandırılıb.
Ramin Quluzadə 1977-ci il fevralın 1-də Bakı şəhərində anadan olub. Yasamal rayonundakı 167 saylı orta məktəbin məzunudur.
Azərbaycan Dövlət İqtisad İnstitutunu 1997-ci ildə bakalavr, 1999-cu ildə magistr dərəcəsi ilə bitirib.
2005-2015-ci illərdə Heydər Əliyev Fondunda fəaliyyət göstərib.
2015-ci il noyabrın 25-də rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunub. Bu vəzifədə o, həmçinin nazir vəzifəsini icra edib.
2016-cı il yanvarın 15-də rabitə və yüksək texnologiyalar naziri təyin olunub.
Azərbaycan Respublikası prezidentinin 2014-cü ildə imzaladığı sərəncama əsasən, Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Ailəlidir, 2 övladı var.