AZƏRTAC xarici işlər naziri Elmar Məmmədyarov “RİA Novosti” agentliyinə müsahibəsini yayıb. Novator.az müsahibənin bir bölümünü təqdim edir.
– Son günlərin əsas mövzularından birinə toxunmaq istərdik. Bu mövzu bir sıra dövlətlərin mənafeləri ilə bağlıdır. Söhbət Rusiya və İsrail vətəndaşı olan, Bakının sorğusuna əsasən bu günlərdə Minskdən Azərbaycanın paytaxtına ekstradisiya edilmiş Aleksandr Lapşin barədədir. Sizin fikrinizcə, onun sonrakı taleyi necə olacaq? Deyilənə görə, onun əfv edilərək vətəndaşı olduğu bir ölkəyə verilməsi mümkündür…
– Lapşinin gələcək taleyi məsələsi istintaqın nəticələrindən asılı olacaq. Onun barəsində Cinayət Məcəlləsinin bir sıra maddələri üzrə ittihamlar irəli sürülüb. Son qərarı məhkəmə qəbul edəcək.
Bu məsələnin hədsiz siyasiləşdirilməsi məni çox təəccübləndirir və hiddətləndirir. Lapşini həmişə bloqçu adlandırırlar. Yaxşı, əgər o mühəndis olsaydı, onunla maraqlanmayacaqdılar? O, qanunları pozub və hüquqi əsaslara uyğun olaraq cinayət işi qaldırılıb, bu əsasda İnterpola sorğu göndərilib və Belarus tərəfi həmin sorğuya müvafiq olaraq onu tutub saxlayıb. Hər iş MDB çərçivəsində Kişinyov Konvensiyasına uyğun olaraq qanun çərçivəsində görülüb. Bu şəxsin bloqçu olması barədə spekulyasiyalar heç də onun qanun qarşısında toxunulmaz olması demək deyil.
– Artıq neçə illərdir ki, Qarabağ məsələsinə dair danışıqlar gedir, lakin istər ATƏT-in Minsk qrupu, istərsə də Rusiyanın, Ermənistanın və Azərbaycanın formalaşdırmağa cəhd göstərdiyi format hər hansı uğurlarla nəticələnməyib. Bəlkə yeni variantlar axtarmağın vaxtıdır?
– Minsk qrupu hələ 1992-ci ildə yaradılıb. Oraya təkcə Ermənistan və Azərbaycan deyil, bir sıra başqa ölkələr, o cümlədən Rusiya, Belarus, Türkiyə, İsveç və başqa ölkələr də daxildir. Ermənistan və Azərbaycan bu danışıqların iştirakçıları, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları isə maraqlı tərəflərdir.
1997-ci ildə həmsədrlər ideyası tətbiq edildi. Məlum olduğu kimi, həmsədrlər Rusiya, ABŞ və Fransa oldu. Təbii ki, həmin anda tam əminlik var idi: bir halda ki, BMT Təhlükəsizlik Şurasının beş üzvündən üçü Minsk qrupunun həmsədrləridir və 1993-cu ildə bu münaqişənin tənzimlənməsinə dair dörd qətnamənin hər birinə bütün həmsədrlər yekdilliklə səs veriblər, deməli, Təhlükəsizlik Şurasının qətnamələrinin iddia müddəti yoxdur.
Bu sənədlərdə açıq-aydın yazılıb ki, Təhlükəsizlik Şurasının tapşırığına müvafiq olaraq Minsk qrupunun o vaxtkı sədri Mario Rafaelli qoşunların işğal edilmiş ərazilərdən çıxarılması qrafikini təqdim etdi. Bu sənəd 853 nömrəli qətnaməyə əlavə kimi təqdim olundu. 1997-ci ildə üçlü həmsədrlik tətbiq ediləndə biz fikirləşirdik ki, əgər o vaxt bu ideya qəbul edilibsə, irəliləyiş üçün yaxşı şans olacaq. Lakin təəssüf ki, faktlar göz qabağındadır – iyirmi ildən artıq müddətdə münaqişə tənzimlənməyib.
Mənim nazir olduğum müddətdə bir neçə dəfə biz münaqişənin tənzimlənməsində irəliləyiş məsələsinə xeyli yaxınlaşmışdıq. Hamı başa düşür ki, bu gün mövcud olan status-kvo, ola bilsin ki, erməni tərəfindən başqa heç kəsi qane etmir.
Azərbaycanın Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi azad edilib, insanlar artıq oraya qayıdırlar. Çox təəssüf ki, hər bir ərazi hərbi əməliyyatlar yolu ilə azad edilir, hərçənd biz birinci gündən deyirdik ki, məsələ sülh yolu ilə həll edilməlidir.
Biz dəfələrlə demişik ki, tədricən “masanı problemlərdən təmizləmək” lazımdır. Bəs hansı problemlər var? Ən böyük problem Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinin olmasıdır. İlk növbədə demək istərdim ki, əsgərlər sadəcə kazarmalara qayıtmalıdır. Bu, çox böyük imkanlar açacaq, bu, planın bir hissəsidir.
Siz mənə Rusiya-Ermənistan-Azərbaycan formatı barədə sual verdiniz. Prinsip etibarilə biz belə də edirik. Keçən ay mən Moskvada oldum və Sergey Lavrovla bu planı müzakirə etdik. Bildiyiniz kimi, bundan əvvəl Sankt-Peterburqda prezidentlərin görüşü olmuşdu. Planın nədən ibarət olduğunu və bizim həmin plan üzrə necə irəliləməli olduğumuzu hamı gözəl bilir, hər şey açıq yazılıb, lakin siyasi iradə lazımdır. İndiki halda bizim siyasi iradə var, erməni tərəfinin siyasi iradəsi lazımdır.
– Lakin əgər sizin indicə bu qədər ətraflı bəhs etdiyiniz mövcud format bu məsələdə “ölü nöqtədən tərpənməyə” imkan vermirsə və erməni qoşunları indi olduqları yerdə qalırsa, bəlkə siz ABŞ-ın yeni administrasiyasına hansısa ümid bağlayırsınız?
– Baxarıq. ABŞ administrasiyası hələlik müvəqqəti həmsədr təyin edib, lakin bu şəxs altı-doqquz ay işləyəcək.
İkincisi, məsələ həm də ondan ibarətdir ki, prinsip etibarilə hər bir ABŞ administrasiyasının institusional yaddaşı var. Siyasətdə belədir – gəlin onlara 100 gün vaxt verək, kabinetdə olsunlar, sonra isə qiymətləndirməyə başlayaq, görək onlar bu məsələ ilə intensiv məşğul olacaqlar, ya yox.
İndiki halda mən hadisələri qabaqlamaq istəmirəm. Lakin Rusiya tərəfinin təklifinə qayıdaraq deməliyəm ki, format var, kağızlar var, hər kəs hər şeyi gözəl bilir.
– Yaxın vaxtlarda Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərləri səviyyəsində görüş olacaqmı?
– Mən Moskvada olarkən bu ideya səsləndi. Sergey Lavrov Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünü keçirməyi təklif etdi. Mən dedim ki, buyurun, mən hazıram.
Lakin həmin görüşün təxmini müddətləri müzakirə edilməyib, bunun üçün qrafiklərin uzlaşdırılması tələb olunur. Hələlik bizə konkret müddətlər barədə təkliflər daxil olmayıb, lakin bizim prinsipial razılığımız var.
– Siz xatırlatdınız ki, indiyə qədər Qarabağ problemlərində yalnız hərbi qüvvə hesabına irəliləyişlər olub. Prezident Əliyev bu yaxınlarda Davosda bildirdi ki, Azərbaycan Rusiya Federasiyasından külli miqdarda hərbi texnika almağa hazırlaşır. Məhz nədən söhbət getdiyini dəqiqləşdirə bilərsinizmi?
– Mən müdafiə naziri yox, xarici işlər naziriyəm. Orduya tələb olunan silahların siyahısını və ya reyestrini təsəvvür etmək mənim üçün xeyli mürəkkəbdir. Lakin xarici işlər naziri kimi deyə bilərəm: bu pulları regionun inkişafı üçün necə istifadə etmək olacağını təsəvvür edin. Bir tərəfdən biz silahlara pul xərcləyirik, digər tərəfdən Rusiya silahları kreditlə də olsa Ermənistana gedir.
Sonuncu kredit 200 milyon məbləği üçün açılıb. Bu kreditdən insanların həyat şəraitinin yaxşılaşdırılması üçün istifadə edilsəydi nələr olacağını təsəvvür edin. Axı həmin pullar xeyli mənfəətlə qayıda bilərdi. Tankla toxum səpmək, yer şumlamaq, nə isə əkmək mümkün deyil. Tank almısansa onu vaxtaşırı atış meydanında sürürsən. Nə olsun? İndiki halda siz çox incə bir mətləbə toxundunuz – ölkənin ordusu olmalıdır, ordu döyüş qabiliyyətli olmalıdır, lakin bu, vahimə vasitəsi olmamalıdır. İndiki kontekstdə bu, heç düzgün deyil, bütün bunlar vəziyyəti mürəkkəbləşdirir. Bir də ki, region özü də sadə region deyil, mən arzu edərdim ki, mənim qonşularım Avropa İttifaqı ölkələri olsun, lakin, necə deyərlər, alınmır. Əsgərlər kazarmalara qayıtmalıdır, vəziyyətdən yeganə çıxış yolu budur.
– Ermənistanda Rusiyanın hərbi bazasının olması da regionda vəziyyətə təsir göstərmir?
– Mən başqa cür deyərdim. Bu, əlbəttə, Rusiya ilə Ermənistan arasında ikitərəfli münasibətlərə aid məsələdir. Əlbəttə, başa düşmək lazımdır ki, regiondakı hər bir ölkə üzləşdiyi təhdidlər və çağırışlar nəzərə alınmaqla münasibət bildirir. Bu amili də həmişə nəzərə almaq lazımdır.
Bu hərbi baza çoxdan oradadır, hələ Sovet İttifaqı dövründən orada cənub istiqamətində, NATO-nun üzvü olan Türkiyə ilə sərhəddə kifayət qədər güclü qoşun qruplaşması var. İndiki halda mən belə başa düşürəm, qoy bu məsələni Rusiya və Ermənistan özləri həll etsinlər. Hərçənd, əlbəttə, biz də mövcud çağırışları və təhdidləri nəzərə almalı, bunlara göz yummamalıyıq.