Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı iş Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. Mərhum jurnalistin ailəsinin nümayəndəsi Fariz Namazlı “Azadlıq” radiosuna belə məlumat verib.
Şikayətdə Avropa İnsan Hüquqları Konvensiyasının 2 (yaşamaq hüququ), 10 (ifadə azadlığı hüququ) və 13-cü (səmərəli hüquqi müdafiə vasitələri hüququ) maddələrinin pozuntusunun tanınması istənilir.
Vəkil bildirib ki, ailəsi Rasim Əliyevin ölümü ilə əlaqədar həkimlərin cəzalandırılmamasından və futbolçu Cavid Hüseynovun döyülüb öldürülməsində məsuliyyətdən kənarda saxlanmasından narazıdır.
2015-ci il avqustun 8-də bir qrup şəxs ANN.TV-nin reportyoru Rasim Əliyevi döyüb. Jurnalist bir gün sonra xəstəxanada keçinib. Hadisə ilə bağlı “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov və daha 5 nəfər həbs olunub.
Ötən il aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Kənan Mədətov və Samir Mustafayev 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.
Cavid Hüseynov isə 2016-cı il mayın 31-də Səbail Rayon Məhkəməsinin hökmü ilə ağır cinayətin törədilməsi və hazırlanmasını bilərək həmin cinayət barəsində xəbər verməmə və qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib. Oktyabrın 12-də isə Bakı Apellyasiya Məhkəməsi Cavid Hüseynovun cəzasını həbsdə qaldığı 1 il 2 ay müddətlə əvəz edərək onu azadlığa buraxıb.
Rasim Əliyevin ailə üzvləri övladlarının Cavid Hüseynovun təhriki ilə döyüldüyünü iddia edir. Onlar həmçinin həkimlərin Rasim Əliyevə düzgün diaqnoz qoymadığını, müalicə prosesində səhlənkarlığa yol verdiyini bildirirlər.
İstintaqı aparan Bakı Şəhər Prokurorluğu Cavid Hüseynovun Rasim Əliyevin döyülməsində iştirakını müəyyən etməyib. Prokurorluq Kliniki Tibbi Mərkəzdə Rasim Əliyevin müayinə və müalicəsi ilə məşğul olmuş, cərrahiyə əməliyyatını həyata keçirmiş tibb işçilərinin də əməllərində cinayət tərkibi əlamətlərinin olmaması qənaətinə gəlib.