Dövlət Statistika Komitəsi ötən ilin xarici ticarət əlaqələri haqqında hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, 2016-cı ildə 186 ölkə ilə ticarət əməliyyatları həyata keçirilib, 116 ölkəyə məhsul ixrac edilib, 177 ölkədən mal alınıb.
Xarici ticarət dövriyyəsi 21 milyard 650,8 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 13 milyard 118,4 milyon dollar, idxalın dəyəri 8 milyard 532,4 milyon dollar təşkil edib, 4 milyard 586 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
Ticarət dövriyyəsinin 36,2 faizi Avropa İttifaqı ölkələri, 13 faizi MDB ölkələri, 50,8 faizi isə digər ölkələrin payına düşüb.
İxracın dəyərinin 17,1 faizi İtaliyaya, 12,4 faizi Türkiyəyə, 8,7 faizi Tayvana (Çinin əyaləti), 7,3 faizi İsrailə, 6,7 faizi Almaniyaya, 5,4 faizi Fransaya, 4,8 faizi Hindistana, 4,5 faizi Rusiyaya, 3,8 faizi Gürcüstana, 3 faizi Çinə, 26,3 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşıb.
İdxal olunmuş məhsulların dəyərinin 19,2 faizi Rusiyanın, 13,8 faizi Türkiyənin, 8,2 faizi Çinin, 5,8 faizi Birləşmiş Krallığın, 5,5 faizi ABŞ-ın, 4,7 faizi Almaniyanın, 3,9 faizi İtaliyanın, 3,4 faizi Ukraynanın, 3,3 faizi Yaponiyanın, 3,2 faizi Norveçin, 29 faizi isə digər ölkələrin payına düşüb.
2016-cı ildə 1 milyard 237,1 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib, bu da 2015-ci ilə nisbətən real ifadədə 16,4 faiz azdır.
2015-ci illə müqayisədə meyvə ixracı 23,9 faiz, təzə tərəvəz ixracı 49,5 faiz, kartof ixracı 4,1 faiz, qara metallardan borular ixracı 5,3 dəfə, pambıq ipliyi ixracı 11 faiz artıb.
Şəkər ixracı 50,9 faiz, bitki yağları ixracı 56,3 faiz, çay ixracı 73,5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar ixracı 89,1 faiz, polietilen ixracı 3,7 faiz, emal olunmamış alüminium ixracı 22,7 faiz azalıb.
Buğda idxalı 2015-ci illə müqayisədə 18,2 faiz, xam şəkər və şəkər idxalı 25,3 faiz, bitki yağları idxalı 20,1 faiz, təzə meyvə idxalı 24,7 faiz, kərə yağı, digər süd yağları və pastaları idxalı 4,1 faiz, çay idxalı 69 faiz, kartof idxalı 46,7 faiz, quş əti və onun əlavə məhsulları idxalı 3,3 dəfə, təzə tərəvəz idxalı 80,1 faiz, mal əti idxalı 3,9 faiz, polad prokatı idxalı 4 faiz, mebel idxalı 20,1 faiz, mineral gübrələr idxalı 9,7 faiz, hesablama maşınları, blok və qurğuları idxalı 3,3 dəfə, rezin şinlər idxalı 38,9 faiz, məişət kondisionerləri idxalı 5 dəfə artıb.
Minik avtomobillərinin idxalı 79 faiz, qara metallardan borular idxalı 53,9 faiz, qara metallardan çubuqlar idxalı 63,1 faiz, polietilen idxalı 26,5 faiz, qara metallardan künclüklər idxalı 39,2 faiz, sement və sement klinkerləri idxalı 21,5 faiz azalıb.