Məhkəmə-Hüquq Şurası fevralın 9-da bütün apellyasiya məhkəmələri sədrlərinin və hakim assosiasiyaları rəhbərlərinin iştirakı ilə geniş iclas keçirib. İclasda çıxış edən şura sədri, ədliyyə naziri Fikrət Məmmədov deyib ki, ötən il hakimliyə namizədlərin növbəti seçimi təşkil edilib: “Namizədliyini irəli sürən 800-dən çox hüquqşünasla beynəlxalq və yerli müşahidəçilərin iştirakı ilə test üsulu ilə, habelə yazılı və şifahi imtahanlar keçirilib. İmtahanlarda müvəffəqiyyət qazanmış 126 nəfər yüksək hazırlıqlı hüquqşünas hakim vəzifələrinə hazırlanmaları üçün 1 illik tədris kursuna cəlb olunub.
Hazırda davam edən kurs zamanı insan haqlarının etibarlı qorunması, məhkəmə etikası, qərarların tərtibi, qanunvericiliyin yenilikləri və digər aktual məsələlərə dair mövzular tədris olunur, namizədlərin məhkəmələrdə staj keçməsi, xarici dövlətlərdə, Avropa Məhkəməsində olmaqla qabaqcıl beynəlxalq təcrübələri öyrənməsi nəzərdə tutulur”.
Novator.az-ın məlumatına görə, şura sədri qeyd edib ki, 2016-ci ildə mülki sahə üzrə məhkəmələrə müraciətlərin sayı 45%-dək çoxalaraq 470 mini ötüb: “Birinci instansiya məhkəmələrində mülki xarakterli iddiaların 96,8%-i, inzibati mübahisə üzrə iddiaların isə 84.4%-i təmin edilib. Mülki xarakterli işlər üzrə yekun qərarların 98,5%-i, inzibati işlər üzrə qərarların isə təxminən 90%-i dəyişdirilməyib”.
İclasda 2017-ci ildə səlahiyyət müddəti başa çatan 130-dan çox hakimin fəaliyyətinin prinsipial qiymətləndirilməsi ilə bağlı konkret tapşırıqlar verilib. Qeyd olunub ki, ötən il vətəndaşların haqlı narazılığını doğuran pozuntulara, korrupsiyaya şərait yaradan və digər neqativ hallara yol verdiklərinə görə 6 hakimin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib, 12 hakim intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 2 nəfərin tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edilib.
Şurada qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə Gəncənin Nizami Rayon Məhkəməsinin hakimi Mahir Niftəliyevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi qərara alınıb, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Səyyad Qafariyə töhmət verilib, məhkəmənin digər hakimləri Elman Rəhimov və Lətifə Məmmədovaya, Bakı Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Vəliyevə, Masallı Rayon Məhkəməsinin hakimi Anar Alməmmədova, İmişli Rayon Məhkəməsinin hakimi Ülvi Qənbərova irad tutulub.
2005-ci ilin fevral ayından fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurası vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi funksiyalarını həyata keçirən orqandır.