Fevralın 10-u Dövlət Sosial Müdafiə Fondunda ötən il üzrə fəaliyyətin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. Rəsmi məlumata görə, iclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, 2016-cı ildə 148 mini daimi olmaqla 190 minə yaxın yeni iş yeri yaradılıb: “Bu və digər mühüm sosial müdafiə tədbirləri, o cümlədən sosial ödənişlərin artırılması, bunun üçün 600 milyon manatadək əlavə vəsait yönəldilməsi ilə ailə gəlirlərinin azalmasının, əhalinin minimum istehlak səbətinə və aztəminatlı təbəqələrinin alıcılıq qabiliyyətinə mənfi təsirlərin qarşısının alınmasına nail olunub”.
Sosial proqramların icrası, eləcə də Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərinin davam etdirildiyini bildirən nazir ötən il bu təbəqələrdən olan 288 nəfərin mənzillə təminatının həyata keçirildiyini, 140 nəfər imtiyazlı şəxsin dövlət büdcəsi hesabına avtomobillə təmin edildiyini diqqətə çatdırıb: “Ötən il əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 8,2 faiz artaraq 192,18 manata, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 213,81 manata çatıb. Sosial müavinət və təqaüdlərin orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 10 faiz artıb. Keçən il 483,5 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 57,8 min nəfərdən çox şəxsə prezidentin aylıq təqaüdləri ödənilib, bu məqsədlərə yönələn vəsaitin məbləği 2015-ci illə müqayisədə 35,2 milyon manat və ya 11,6 faiz çox olub. Azərbaycanın Milli Qəhrəmanları üçün prezident təqaüdünün və prezidentin fərdi təqaüdünün aylıq məbləği 2016-cı ilin 1 noyabrından artırılaraq 1000 manatdan 1300 manata çatdırılıb”.
Müslümov bildirib ki, sosial təminat sisteminin əhatəliliyinin artması amili sosial yardım proqramında da özünü göstərir: “Keçən il orta hesabla 165352 ailə (692044 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin olunub, bu da əvvəlki illə müqayisədə 53,26 faiz çox aztəminatlı ailənin dövlət sosial təminat sistemi ilə əhatə olunduğunu təsdiq edir. Həmçinin ötən il ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 151,70 manat (ailə üzvünə görə 36,12 manat) olub”.
Dövlət Sosial Müdafiə Fondunun gəlirləri üzrə də artım dinamikasının davam etdiyini bildirən nazir fondun gəlirlərinin 2015-ci ilə nisbətən 262,69 milyon manat və ya 9,01 faiz artaraq 3 milyard 177,34 milyon manata yüksəldiyini vurğulayıb. Müslümov diqqətə çatdırıb ki, qeyri-büdcə sektoru üzrə sosial sığorta daxilolmalarında da artım qeydə alınıb: “2016-cı ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki illə müqayisədə 6,44 faiz və ya 116,23 milyon manat artaraq 1 milyard 921,35 milyon manata çatıb. Qeyri-büdcə sektorundan daxilolmalar sosial sığorta haqlarının 63,54 faizini və ya 1 milyard 220,78 milyon manatını təşkil edib, bu da əvvəlki illə müqayisədə 5,8 faiz və ya 66,91 milyon manat çoxdur”.
Novator.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev hesabat məruzəsində bildirib ki, ki, ötən il fondun xərcləri 3 milyard 194,89 milyon manat təşkil edib və bunun da 3 milyard 135,68 milyon manatı və yaxud 98,1 faizi əhaliyə ödənişlərə yönəldilib. Onun sözlərinə görə, ölkə üzrə əmək pensiyaçılarının sayı 1 yanvar 2017-ci ilə 15281 nəfər və ya 1,2 faiz artaraq 1 milyon 315 min 227 nəfərə çatıb.