Fevralın 8-də prezident İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenkoya zəng edib. Dövlət başçısı Azərbaycanın beynəlxalq axtarışa verdiyi Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı ədalətli mövqe və qətiyyətli addım nümayiş etdirildiyinə görə Belarusa və şəxsən prezidentə minnətdarlığını bildirib, bu addımı qanunun aliliyi və beynəlxalq konvensiyalara əməl olunması, Azərbaycan-Belarus dostluq və strateji tərəfdaşlıq münasibətlərinin təzahürü kimi dəyərləndirib.
Prezidentin mətbuat xidmətinin məlumatına görə, telefon söhbəti zamanı Belarus-Azərbaycan münasibətlərinin inkişafından danışılıb, prezident Lukaşenkonun ötən ilin sonunda Azərbaycana rəsmi səfəri xatırlanıb, əldə edilən razılaşmaların uğurla icra olunduğu qeyd edilib, siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin inkişaf edəcəyinə əminlik ifadə olunub.
Dövlət başçıları ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparıb, prezidentlər səviyyəsində gələcək görüşlər barədə danışıblar.
Novator.az xatırladır ki, bir neçə ölkənin vətəndaşı olan Aleksandr Lapşin bloqçudur. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi onu Cinayət Məcəlləsinin 281.2-ci və 318.2-ci maddələri ilə ittiham edir.
İttihama əsasən, Aleksandr Lapşin 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər edib. Bloqçunun Puerrtto.livejournal.com internet səhifəsində Dağlıq Qarabağı müstəqil dövlət kimi qeyd etdiyi, həmçinin 6 aprel və 29 iyun 2016-cı il müraciətlərində işğal altındakı ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləyən çağırışlar yaydığı bildirilir.
Ötən il dekabrın 14-də Belarusda saxlanan bloqçu fevralın 7-də Azərbaycana təhvil verilib. Aleksandr Lapşin Bakı İstintaq Təcridxanasında saxlanır.
Cinayət Məcəlləsinin 281.2-ci maddəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması yönündə açıq çağırışlar etmə, bu cür məzmunlu materialları yayma əməlini təkrar törətməyə görə məsuliyyəti nəzərdə tutur. Bu cinayətə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası düşür.
Cinayət Məcəlləsinin 318.2-ci maddəsi isə qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstənin Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə məsuliyyəti rəsmiləşdirir. Bu əmələ 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası kəsilə bilər.