Fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 93-cü ildönümü tamam olur. Novator.az-ın məlumatına görə, AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri Rauf Kəngərlinin bununla bağlı məqaləsində qeyd olunur ki, muxtariyyət məsələsinin siyasi gündəmdə yer almasının əsas səbəbi isə 1920-ci il dekabrın 2-də Rusiya və Ermənistan arasında bağlanmış hərbi-siyasi saziş olub: “Həmin sazişə əsasən, qədim Azərbaycan torpağı olan Zəngəzur Ermənistana verilib və beləliklə, Naxçıvan məqsədli şəkildə Azərbaycanın əsas ərazisindən ayrı salınıb. Bu, Naxçıvanın muxtariyyət məsələsini zərurətə çevirib. Bu zərurət ilk növbədə Azərbaycana məxsus ərazinin qorunması vacibliyindən irəli gəlirdi.
Naxçıvanın muxtariyyətini beynəlxalq unikal bir model, hüquqi, siyasi və tarixi baxımdan bir fenomen kimi qiymətləndirirlər. Çünki Naxçıvanın muxtariyyəti daxili qanunvericiliklə yanaşı həm də beynəlxalq müqavilələrlə müəyyən olunub. Bu məsələdə Naxçıvanın qabaqcıl ziyalılarının səyləri və qardaş Türkiyənin mövqeyi qədim diyarı dəhşətli aqibətdən xilas edib. AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd edir ki, muxtariyyət statusu Rusiya ilə Türkiyə arasında bağlanılan Moskva müqaviləsi ilə, daha sonra isə Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında imzalanan Qars müqaviləsi ilə rəsmiləşdirilib: “Həm ərazi baxımından Azərbaycandan ayrı düşdüyünə, həm də iki beynəlxalq müqaviləyə əsasən Naxçıvana muxtariyyət statusu verilib. Muxtariyyət statusu Naxçıvanın gələcək taleyində çox mühüm rol oynayıb. Bu statusun verdiyi imkanlar ermənilərin uzun müddət Naxçıvana yiyələnmək niyyətinin qarşısını alıb”.
Müəllif bildirir ki, Azərbaycandan ayrı salınmış, geostrateji baxımdan əhəmiyyətli bir bölgədə vahid idarəçiliyin həyata keçirilməsi, pərakəndəliyin aradan qaldırılması yalnız muxtariyyət statusunun əldə edilməsi ilə mümkün ola bilərdi: “Bu baxımdan Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət verilməsi ən düzgün qərar idi. Lakin qabaqcıl ictimai-siyasi yanaşmanın məhsulu olan bu qərarı böyük dövlətlər ciddi müqavimətlə qarşılayırdı. Çünki onlar Naxçıvanı Ermənistanın tərkib hissəsi kimi görmək istəyirdilər. Bu səbəbdən Behbud ağa Şahtaxtinski Sovet Rusiyası rəhbərliyi ilə iş aparır və bolşevik Rusiyasının rəhbəri Leninə bildirirdi ki, “Naxçıvanın Ermənistana verilməsi xalqın özünütəyin prinsipini və Sovet Azərbaycanının hüquqlarını pozur”.
Tiflisdəki Amerika generalı Haskelə Naxçıvanın, Şərur-Dərələyəzin və Vedibasarın Azərbaycanın ayrılmaz hissəsi olduğunu əsaslandıran Əli Səbri Qasımov isə “Naxçıvanın və digər regionların əhalisi bu ərazilərin erməni hökumətinə verilməsinə necə baxar” sualına “Əldə silah ləyaqətli ölümü üstün tutaraq bu hökuməti var qüvvələri ilə rədd edərlər” cavabını verib.
1921-ci il martın 16-da Rusiya ilə Türkiyə arasında imzalanan “Dostluq və qardaşlıq haqqında” Moskva müqaviləsində Behbud ağa Şahtaxtinskinin təklifləri nəzərə alınaraq Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət verilməsi öz əksini tapıb. Moskva müqaviləsinin üçüncü maddəsinə əsasən, Naxçıvan vilayəti “Azərbaycanın qəyyumluğu altında muxtar ərazi olurdu, bir şərtlə ki, Azərbaycan bu qəyyumluğu üçüncü dövlətə güzəştə getməyəcək”.
Türkiyəli professor İbrahim Ethem Atnur deyir ki, Moskva anlaşmasında Türkiyənin Şərq sərhədləri ilə yanaşı Naxçıvanın hüquqi-siyasi statusu da müəyyənləşib: “Naxçıvanın Azərbaycanın tərkibində qalması və muxtar respublika olması bu müqavilə ilə təmin edilib. Əslində Türkiyə Naxçıvanı öz ərazisinə daxil etmək niyyətində idi. Lakin keçmiş Sovet Rusiyası bunu qəbul etmədi. Onlar torpağa ehtiyacı olduğunu iddia edərək Naxçıvanın Ermənistanın tərkibinə verilməsi şərtini irəli sürüblər. Bu, müzakirələrdə ciddi problemə səbəb olsa da, sonda ədalət zəfər çalıb”.
Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, Türkiyə hökumətinin tutduğu ədalətli mövqe nəticəsində 1921-ci ildə imzalanan Moskva və Qars müqavilələri bölgənin gələcək taleyini müəyyənləşdirib. 1924-cü il fevralın 9-da məhz bu sənədlər əsasında Naxçıvan Muxtar Respublikası yaradılıb.
Naxçıvanın muxtariyyət statusuna malik olması onun təhlükəsizliyinin, ərazi bütövlüyünün qorunmasında müstəsna rol oynayıb. Muxtariyyət statusu erməni təcavüzünə məruz qalan Naxçıvanın 1990-cı il yanvarın 19-da keçmiş SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan etməsinə imkan verib. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin qərarında qeyd olunurdu ki, bu qərar muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə qarşısında qaldığı və beynəlxalq hüquqi qüvvəsi olan Qars müqaviləsinin şərtlərinin kobud surətdə pozulduğu üçün qəbul edilib. Bu, beynəlxalq ictimaiyyətin diqqətini Naxçıvana yönəldilməsinə və Azərbaycanın tarixi ərazisinin qorunub saxlanmasına imkan yaradıb. Məhz buna görə də Naxçıvanın ərazisi kimi, onun muxtariyyət statusu da zaman-zaman məkrli düşmənin hədəfinə çevrilib”.
Novator.az bildirir ki, Azərbaycanın ana qanununa görə, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Azərbaycan Konstitusiyası, qanunları, Azərbaycan prezidentinin fərmanları və Nazirlər Kabinetinin qərarları Naxçıvan Muxtar Respublikasının ərazisində məcburidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına; Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının Milli Məclisində konstitusiya qanunu ilə təsdiq edilir.