“Tam üzən məzənnəyə keçidin fəsadlarından biri özünü göstərir”. Novator.az-ın məlumatına görə, iqtisadçı Samir Əliyev belə yazır. Ekspert bankların dollar alğı-satqı əməliyyatlarında həyata keçirdiyi spekulyativ amillərin iqtisadiyyata böyük zərbə vuracağını vurğulayır: “Spekulyasiyanın nəticəsi olaraq dollar süni sürətdə ucuzlaşdırılır. Banklar vəziyyətdən sui-istifadə edərək alış qiymətini kəskin aşağı salıb. Rəsmi məzənnə 1 dollar üçün təxminən 1,82 manat olduğu halda alış qiyməti 1,65 manata endirilib. Satış isə ən çoxu 4 faiz bahadır. Bankların satdığı dolların spredi (alışla satış arasındakı fərq) 3 faizdən 15 faizə qədər dəyişir. Yəni banklar ən az 3 faiz, ən çox 15 faiz qazanır. Orta hesabla bankların gündəlik qazancı 7-9 faiz arasında dəyişir.
Mərkəzi Bankın rəsmi məlumatına əsasən, ölkə üzrə gündəlik dollar alışı 7-8 milyon, satışı isə 8-10 milyon arasında dəyişir. İndiki spred əsasında bankların dövriyyəsini hesablasaq görərik ki, gündəlik aşağı qiymətə alınan 7-8 milyon dollar baha qiymətə satıldıqda təxminən 500-700 min dollar qazanc götürülür.
Süni şəkildə yaradılan panika makroiqtisadi sabitlik üçün yaxşı gələcək vəd etmir. Banklar ölkə iqtisadiyyatını kreditləşdirməli olduqları halda aktiv valyuta alğı-satqısına girişiblər və bununla gündə yüksək məbləğdə qazanc əldə edirlər. Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası isə prosesə müdaxilə etmək əvəzinə müşahidə mövqeyi tutub. Bu fəaliyyətin zərbəsi əhaliyə və sahibkarlara dəyir. Sonda da iqtisadiyyat itirir”.
2017-ci ilə dolların ən yüksək rəsmi qiyməti fevralın 3-də qeydə alınıb. Həmin gün Mərkəzi Bank dolları 1,92 manata satıb. Sonrakı günlər kurs enib. Fevralın 8-dən dollar 1,8252 manata təklif edilib. Fevralın 9-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Hərracda manatın orta çəkili məzənnəsi 1,7301 səviyyəsində formalaşıb.