Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, eləcə də Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları Ermənistanın işğalı altındadır. Ölkənin Xarici İşlər Nazirliyi həmin ərazilərə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının adını arzuolunmaz şəxslər siyahısına salır, onların Azərbaycana səfərini yasaqlayır.
Novator.az bildirir ki, sonuncu dəfə 2016-cı il dekabrın 7-də yenilənmiş qara siyahıda 623 nəfərin adı var. 2016-cı ilin iyul ayında isə siyahıda 590 nəfərin adı yer alırdı.
Qara siyahıdakı şəxslərdən biri Belarusda tutularaq Bakıya gətirilən bloqçu Aleksandr Lapşindir. Onun adı siyahıda 17-cidir və Rusiya, İsrail, Kanada, Ukrayna vətəndaşı olduğu qeyd edilib.
Ötən il dekabrın 14-də Belarusda saxlanan bloqçu bu ölkənin hüquq mühafizə orqanlarının qərarı ilə fevralın 7-də Azərbaycana göndərilib. Bakı İstintaq Təcridxanasında saxlanan bloqçunu Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Cinayət Məcəlləsinin 281.2-ci və 318.2-ci maddələri ilə ittiham edir. Bloqçunun Puerrtto.livejournal.com internet səhifəsində Dağlıq Qarabağı müstəqil dövlət kimi qeyd etdiyi, həmçinin 6 aprel və 29 iyun 2016-cı il müraciətlərində işğal altındakı ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləyən çağırışlar yaydığı bildirilir.
İttihama əsasən, Aleksandr Lapşin Azərbaycanın işğal altındakı ərazilərinə 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında qanunsuz səfər edib.
Cinayət Məcəlləsinin 281.2-ci maddəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması yönündə açıq çağırışlar etmə, bu cür məzmunlu materialları yayma əməlini təkrar törətməyə görə məsuliyyəti nəzərdə tutur. Bu cinayətə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası düşür.
Cinayət Məcəlləsinin 318.2-ci maddəsi isə qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstənin Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə məsuliyyəti rəsmiləşdirir. Bu əmələ 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası kəsilə bilər.
Aleksandr Lapşin 1976-cı ildə Rusiyanın Yekaterinburq şəhərində doğulub. Atası rus, anası yəhudidir.