Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlər edib qanunsuz Dağlıq Qarabağ rejimini dəstəkləməklə ölkənin ərazi bütövlüyünün parçalanması yönündə açıq çağırışlar yayan bloqçu Aleksandr Lapşin fevralın 7-dən Bakıdadır.
Ötən il dekabrın 14-də Belarus Respublikasında saxlanan bloqçu bu ölkənin hüquq mühafizə orqanlarının qərarı ilə Azərbaycana verilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi onu Cinayət Məcəlləsinin 281.2-ci və 318.2-ci maddələri ilə ittiham edir.
Novator.az bildirir ki, Cinayət Məcəlləsinin 281.2-ci maddəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması yönündə açıq çağırışlar etmə, bu cür məzmunlu materialları yayma əməlini təkrar törətməyə görə məsuliyyəti nəzərdə tutur. Bu cinayətə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası düşür.
Cinayət Məcəlləsinin 318.2-ci maddəsi isə qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstənin Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə məsuliyyəti rəsmiləşdirir. Bu əmələ 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası kəsilə bilər.
Rəsmi ittihama əsasən, Aleksandr Lapşin Azərbaycanın işğal altındakı ərazilərinə 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında qanunsuz səfər edib. Bloqçunun Puerrtto.livejournal.com internet səhifəsində Dağlıq Qarabağı müstəqil dövlət kimi qeyd etdiyi, həmçinin 6 aprel və 29 iyun 2016-cı il müraciətlərində işğal altındakı ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləyən çağırışlar yaydığı bildirilir.
Aleksandr Lapşin 1976-cı ildə Rusiyanın Yekaterinburq şəhərində doğulub. Atası rus, anası yəhudidir. 13 yaşından İsraildə yaşayıb, orada ali təhsil alıb, bir müddət ABŞ-da oxuyub. 2003-2008-ci illərdə Moskvada yaşayan bloqçu sonradan İsrailə qayıdıb. Bloqçu həm Rusiya, həm də İsrail vətəndaşıdır.