İqtisadiyyat naziri Şahin Mustafayev AZƏRTAC-a müsahibəsində qeyri-neft məhsullarının ixracının artırılması yönündə görülən işlərdən danışıb: “Dövlət başçısının 5 oktyabr 2016-cı il fərmanına əsasən, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, ixrac missiyalarının təşkili və digər tədbirlərin həyata keçirilməsi sahibkarların ixraca olan marağının və ixrac olunan qeyri-neft məhsulları çeşidlərinin artması, ixrac coğrafiyasının genişlənməsi, Azərbaycan mənşəli məhsulların xarici bazarlarda analoji məhsullarla rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından xüsusi rol oynayır. Fərmanın icrası üçün son 3 ayda 4 ixrac missiyası təşkil olunub, sahibkarların missiyalarla bağlı bütün xərcləri dövlət büdcəsi hesabına ödənilib.
İlk ixrac missiyası çərçivəsində 12 şərab istehsalçısı Honkonqda, 2-ci missiya çərçivəsində 9 şərab istehsalçısı Çinin Quancou şəhərində öz məhsullarını potensial alıcılara təqdim etmək imkanı əldə edib. İxrac missiyası zamanı Çinə şərab ixracı ilə bağlı müqavilə imzalanıb və bu müqaviləyə əsasən artıq Çinə şərab ixracına başlanıb.
3-cü ixrac missiyası isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə təşkil edilib, meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz, ət və ət məhsulları, bal, süd və süd məhsulları istehsal edən 20 şirkət öz məhsullarını alıcılara təqdim edib. İxrac missiyasının nəticəsi olaraq Dubaya nar şirəsi və alma ixrac olunur.
Azərbaycan mənşəli qeyri-neft məhsullarını ixrac edən sahibkarlara məhsulun növünə görə ixrac dəyərinin 3-6 faizi məbləğində ixrac təşviqinin ödənilməsinə başlanıb. Bu çərçivədə 2016-cı ilin noyabr ayından etibarən şərab, pambıq ipliyindən məmulatlar, konservlər, su və şirələr, fındıq və digər məhsulların Rusiya, ABŞ, Çin, Almaniya, Türkiyə, Belarus və sair ölkələrə ixracı ilə əlaqədar sahibkarlara ixrac təşviqi ödənilir”.
Novator.az-ın məlumatına görə, nazir qeyd edib ki, 2017-ci ilin ilk ixrac missiyası Almaniyaya təşkil olunub, bu çərçivədə meyvə-tərəvəz, təbii mineral sular, meyvə şirələri, şərab, bal və çay istehsalı ilə məşğul olan Azərbaycan şirkətləri Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən və Azərbaycan pavilyonunun da yer aldığı “Beynəlxalq Yaşıl Həftə” sərgisini ziyarət edib: “İxrac missiyası çərçivəsində Azərbaycanın ixracatçı şirkətləri ilə yerli alman şirkətləri, distribüterlər və potensial alıcılar arasında ikitərəfli işgüzar görüşlər təşkil olunub, Azərbaycan məhsullarının ixrac imkanları, bu sahədə əməkdaşlıq imkanları müzakirə edilib. Növbəti ixrac missiyaları isə Əfqanıstan, Pakistan və Qətərə təşkil ediləcək. Həmçinin sahibkarlar 2017-ci ildə ən nüfuzlu beynəlxalq sərgilərdə vahid ölkə stendi ilə iştirak edəcəklər”.
Şahin Mustafayevin sözlərinə görə, xarici ölkələrdə ticarət evlərinin təşkilinə və prezidentin Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında 26 yanvar 2017-ci il fərmanının icrasına başlanıb: “Azərbaycan məhsullarının ixrac bazarlarında tanıdılması və satışının dəstəklənməsi məqsədilə müvafiq təhlillər əsasında Azərbaycanın müxtəlif ölkələrdə ticarət evlərinin yaradılması nəzərdə tutulur. Bu çərçivədə ilk olaraq Rusiya Federasiyasında və Belarusda Azərbaycan Ticarət Evi yaradılır. Daha sonra Ukraynada və digər ölkələrdə də ticarət evlərinin yaradılması planlaşdırılır.
Ticarət nümayəndələrinin təyinatı məsələsinə gəldikdə, fərman xarici ölkələrdə ölkəmizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi, yerli məhsulların xarici ölkələrin bazarlarına çıxışının genişləndirilməsi, ixracın stimullaşdırılması ilə bağlı tədbirlərin tətbiqində səmərəliliyin və təsərrüfat subyektləri arasında işgüzar əlaqələrin qurulmasında çevikliyin artırılması məqsədini daşıyır.
Artıq Rusiya Federasiyasında ticarət nümayəndəsi təyin olunub. Təyinatın birinci olaraq Rusiya Federasiyasından başlanması bir neçə səbəblə bağlıdır. İlk növbədə Rusiya Federasiyası Azərbaycanın qeyri-neft məhsulları üzrə əsas ticarət tərəfdaşıdır. 2016-cı ildə Azərbaycanın Rusiya Federasiyasına ixracının həcmi 409 milyon ABŞ dolları təşkil edib. Ölkəmizin qeyri-neft məhsullarının 31 faizi Rusiya Federasiyasına ixrac olunur və bu göstərici üzrə Rusiya ticarət tərəfdaşlarımız arasında 1-ci yerdədir.
Digər tərəfdən isə Rusiya Federasiyası ilə ölkəmiz investisiya sahəsində geniş əməkdaşlıq edir. Rusiya Azərbaycan iqtisadiyyatına 3 milyard ABŞ dollarından çox investisiya yatırıb. Ölkəmizin Rusiya iqtisadiyyatına qoyduğu investisiyaların həcmi isə 1 milyard ABŞ dollarından çoxdur. Azərbaycan Rusiyanın 78 regionu ilə əməkdaşlıq edir və 17 federasiya subyekti ilə əməkdaşlıq haqqında sazişlər imzalayıb. Qeyd olunanları nəzərə alaraq ölkəmizin qeyri-neft məhsullarının Rusiya bazarına ixracının artırılması və mövcud potensialdan maksimum istifadə olunması məqsədilə bir sıra işlər görülür, Moskva şəhərindəki Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonunun təmirinə və yenidən qurulmasına, həmçinin “Azərbaycan evi”nin yaradılmasına başlanıb.
Rusiya Federasiyasında ticarət nümayəndəsinin təyin olunması bu ölkəyə qeyri-neft ixracımızın genişləndirilməsi, Azərbaycanın biznes mühitinin təşviqi və Rusiya şirkətlərinin investisiyalarının ölkəmizə cəlb olunması, habelə iqtisadi maraqlarımızın qorunması üzrə görülən işlərin səmərəsinin artırılması baxımından əhəmiyyət daşıyır.
Rusiya Federasiyasındakı səfirliyimizə təyin olunan ticarət nümayəndəsi Ruslan Əliyev Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetini beynəlxalq hüquq sahəsində bakalavr və magistr üzrə bitirib, sonra təhsilini Londonda davam etdirib. Azərbaycanda və Rusiyada həm dövlət sektorunda, həm də özəl sektorda böyük təcrübəsi var, iqtisad elmləri namizədidir”.