Fevralın 7-də bloqçu Aleksandr Lapşin Belarusdan Azərbaycana ekstradisiya edilib.
Lapşini Azərbaycana gətirən təyyarə saat 23 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
AZƏRTAC xəbər verir ki, Belarusun hüquq mühafizə orqanlarının əməkdaşları hava limanında Aleksandr Lapşini Azərbaycanın hüquq mühafizə orqanlarının əməkdaşlarına təhvil veriblər.
40 yaşlı Lapşin Rusiya və İsrail vətəndaşıdır. O, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib, özünə məxsus Puerrtto.livejournal.com portalında Dağlıq Qarabağı müstəqil dövlət kimi qələmə verib, həmçinin 6 aprel və 29 iyun 2016-cı il müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn çağırışlar edib.
Azərbaycanın Baş Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işinə başlayıb və Lapşin dövlətlərarası axtarışa verilib.
2016-cı ilin dekabrında Belarusun hüquq mühafizə orqanları Lapşini saxlayıb.
2017-ci il yanvarın 20-də Belarus Bas Prokurorluğu bloqçunun Azərbaycana təhvil verilməsi haqda qərar çıxarıb. Yanvarın 26-da Minsk Şəhər Məhkəməsi Aleksandr Lapşinin həmin qərardan şikayətini təmin etmədiyi üçün bloqçu Ali Məhkəməyə üz tutub. Fevralın 7-də Ali Məhkəmə Lapşinin Azərbaycana təhvil verilməsi haqda qərardan şikayətinə baxıb və şikayət təmin edilməyib. Nəticədə elə həmin gün bloqçu ittiham olunmaq üçün Azərbaycana gətirilib.