“Dollar gələn ay yenidən bahalaşa bilər”. Novator.az-ın məlumatına görə, iqtisadçı Vüqar Bayramov belə yazır. Ekspert mövsümi ehtiyacları əsas gətirərək martda xarici valyutaya tələbin artacağını vurğulayır: “Əvvəlki illərin təcrübəsinə və eləcə də idxalın dövri strukturuna nəzər alsaq, fevral ayının birinci yarısında dollara tələbin aşağı olması təbiidir. Mərkəzi Bank üçün ən çətin aylar mart, avqust və dekabr hesab edilir. Həmin aylar idxal artdığı, bir sıra inkişaf etmiş ölkələrdə maliyyə ili martın 31-də başa çatdığı üçün xarici borc öhdəlikləri və xarici səfərlərin çoxluğu dollara tələbi yenidən yüksəldir. Məhz bu səbəblərdən dollara tələb mart ayında yenidən yüksələcək. Mərkəzi Bank Dövlət Neft Fondunun builki 7,5 milyard manatlıq transferinin bir hissəsini mart ayında hərraclara yönəldərsə, o zaman gələn ay tələbi optimallaşdıra bilər. O baxımdan mart ayında Mərkəzi Bankın mövqeyi çox önəmli olacaq.
Əslində 2017-ci ildə Dövlət Neft Fondunun 14,5 milyard manatlıq büdcəsi fonunda Mərkəzi Bank bazarda aparıcı mövqeyini qoruyub saxlaya bilər. Neftin dünya bazar qiymətinin stabilləşməsi və ABŞ prezidenti Donald Trampın dolları dünya bazarında zəiflətmək istəyi də valyuta bazarına psixoloji təzyiqi müəyyən qədər azaldır. Bu isə o deməkdir ki, hərraclara xarici valyutanın çıxarılmasını təmin edən Mərkəzi Bank manatın məzənnəsinə təsir imkanlarını qoruyub saxlamaqdadır”.
2015-2016-cı illərdə dolların rəsmi məzənnəsi 0,7844 manatdan 1 manat 77 qəpiyə yüksəlib. 2017-ci ilə Mərkəzi Bank 1,7707 manat məzənnədən başlayıb. Fevralın 3-dək satış kursu 1,92 manata qalxıb. Həmin gündən sonra dollar ucuzlaşır. Fevralın 7-də ABŞ dollarının rəsmi kursu 1,9111 manatdan 1,8769 manata düşüb. Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə keçirilən hərracda isə manatın orta çəkili məzənnəsi 1,8251 səviyyəsində formalaşıb.
Yanvar ayında Dövlət Neft Fondu Mərkəzi Bankın keçirdiyi valyuta hərraclarında 285 milyon ABŞ dolları məbləğində vəsait satıb.