Baş Prokurorluq Xocalı soyqırımını törədənlərin cinayət məsuliyyətinə cəlb olunması üçün nə işlər görüldüyünü açıqlayıb. AZƏRTAC-ın sorğusuna cavabında Baş Prokurorluğun mətbuat xidməti bildirir ki, Xocalı soyqırımı epizodu üzrə 3 min nəfər şahid və zərərçəkmiş şəxs qismində dindirilib, 2 min nəfər zərərçəkmiş şəxs qismində tanınıb, 800-dən çox müxtəlif ekspertiza keçirilib.
Hesabata görə, 39 nəfərin (onlardan 18-i 366-cı alayın hərbi qulluqçusu, 8-i Xankəndi və Əsgəran daxili işlər şöbələrinin əməkdaşı, 5-i digər vəzifəli şəxs) və 8 mülki vətəndaşın Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib: “Onların Cinayət Məcəlləsinin soyqırımına görə məsuliyyət nəzərdə tutan 103-cü maddəsi, habelə sülh və insanlıq əleyhinə, müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan 113-cü (işgəncə), 107-ci (deportasiya), 115.4-cü (müharibə qanunlarını və adətlərini pozma), 116.0.17-ci (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb”.
Qeyd edilir ki, Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar müharibə nəticəsində 20 min nəfər şəhid olub, 50 min nəfərdən çox vətəndaş yaralanıb və əlil olub, minlərlə yaşayış məntəqəsi və yaşayış binası, təhsil və tibb müəssisəsi, iqtisadi obyektlər dağıdılıb, ölkə ərazisinin 20 faizinin işğalı nəticəsində bir milyondan çox adam qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: “Sülh və insanlıq əleyhinə törədilmiş həmin ağır və xüsusilə ağır cinayətlərin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə 2009-cu ildə Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusi istintaq şöbəsi yaradılıb.
Xocalı faciəsi nəticəsində şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manat və ya 170 milyon ABŞ dollarından artıq ziyan vurulub”.