Bir neçə ildir Azərbaycanda müxalifətin ifrat dağınıqlığı müşahidə olunur. 2013-cü ilin prezident seçkisindən bəri müxalif cəbhədə hər hansı ciddi bloklaşma, müttəfiqlik səyləri gözə dəymir. Müxalif qurumlar birgə aksiyalar keçirmir, hətta ictimai-siyasi, sosial-iqtisadi durumun birgə müzakirələrini də aparmır. Müsavat başqanının müavini Tofiq Yaqublu Novator.az-a bu haqda danışaraq deyib ki, amansız repressiya və təqiblərlə gücdən salınmış demokratik müxalifət həm də daxili çəkişmələrlə zəif düşüb: “Ölkədə ciddi iqtisadi böhran yaşandığı və sosial partlayışların gündəmdə olduğu bir dönəmdə müxalifətin bu halı heç də ürəkaçan deyil və sağlam məntiqə sığmır. Sözsüz ki, problemə toxunanda müxalif düşərgənin iki əsas partiyasından – Müsavat və Xalq Cəbhəsindən danışmaq lazım gəlir. Zaman-zaman iqtidara qarşı blok şəklində mübarizə aparan bu iki təşkilat sonuncu dəfə 2013-cü ilin prezident seçkisi ərəfəsində Milli Şurada birgə fəaliyyət göstərib. 2015-ci ilin parlament seçkisində bir blokda və ya birgə fəaliyyət göstərmək mümkün olmadı. Şəxsən mən düşünürəm ki, bu iki partiyanın birgə fəaliyyət göstərməsi, mürtəce, qeyri-legitim hakimiyyətə qarşı bir yerdə mübarizə aparmasının zəruriliyi 2 üstəgəl 2 misalı kimi aydındır. Amma tərəflər birliyin alınmamasında əks tərəfi günahkar bilir. Hər tərəfin də öz arqumenti var.
Partiyalar nə qədər suçun əks tərəfdə olduğu düşüncəsində qalsa, birgə mübarizə alınmayacaq. Ona görə də hər şeyi unudub sıfırdan başlamaq lazımdır. Ən azı ona görə ki, indiki dövrdə hər iki tərəf təkbaşına mübarizədə gücünün yetərli olmadığını dərk edir. Keçmişdə olanların üstündən keçib birgə fəaliyyət göstərmək lazımdır”.
Tofiq Yaqublunun fikrincə, müttəfiqlik səylərinin gözə dəyməməsi o demək deyil ki, belə səylər yoxdur: “Sadəcə olaraq bu cəhdləri ictimaiyyətə açıq şəkildə edəndə alınmamış cəhdə görə qarşılıqlı ittihamlar baş alıb gedir və vəziyyət daha da pisləşir. Ona görə də indi heç kəs bu cəhdi nümayiş etdirmir. Məncə, əvvəl-axır sağlam düşüncə qalib gələcək və eyni zamanda situasiya özü də bunun zərurətini diktə edəcək. O üzdən bu məsələdə o qədər də bədbin deyiləm”.
Tofiq Yaqublu milli azadlıq hərəkatının fəalıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. Qarabağ müharibəsi veteranıdır. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-cu ildən partiya başqanının müavini postunu tutur.
2013-cü ilin fevralında İsmayıllı hadisələrinə görə tutulan Tofiq Yaqublu 5 il həbs cəzası alıb, 2016-cı ilin martın 17-də əfv sərəncamı ilə azadlığa çıxıb.