2016-cı ildə prokurorluğun Daxili İşlər Nazirliyi ilə birgə istintaq-əməliyyat tədbirləri nəticəsində qeydə alınmış 178 qəsdən adam öldürmə cinayətindən 172 hadisənin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş 64 cinayətin isti izlərlə açılması təmin olunub, həmin cinayətlərin açılması 96,6% (2015-ci ildə 95,5%) təşkil edib. Novator.az-ın məlumatına görə, bu rəqəmlər Baş Prokurorluğun kollegiya iclasında səsləndirilib.
Fevralın 4-də keçirilən iclasda diqqətə çatdırılıb ki, 2016-cı ildə qeydə alınmış ağır və xüsusilə ağır, qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd, quldurluq, soyğunçuluq, odlu silahla törədilən, ictimai yerlərdə baş verən və sair cinayətlərin sayı 2015-ci illə müqayisədə əhəmiyyətli dərəcədə azalıb: “Daxili işlər orqanları ilə birgə həyata keçirilmiş qabaqlayıcı tədbirlərin, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarını tənzimləyən normativ aktların düzgün tətbiqi və cəzanın labüdlüyünün təmin edilməsinin nəticəsi kimi qeydə alınmış yol nəqliyyat hadisələrinin sayındakı azalma hesabat ilində də davam edib. Yol nəqliyyat hadisələri 9,6%, qəzalarda ölənlərin sayı 15,1%, yaralananların sayı isə 11,6% azalıb”.
Bildirilib ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi rüşvətlə bağlı, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, vəzifədən sui-istifadə və sair faktlar üzrə 313 şəxs barəsində 201 cinayət işinin istintaqı tamamlayaraq məhkəmələrə göndərib, həmin işlər üzrə vurulmuş maddi ziyandan istintaq dövründə 33 milyon manatın ödənilməsi təmin edilib, 78 milyon manat məbləğində əmlakın üzərinə həbs qoyulub.
2016-cı ildə icra və əmək intizamının pozuntusuna, işində və xidmətdən kənar fəaliyyətində kobud qanunsuzluqlara yol verdiklərinə görə 58 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, prokurorluq işçisinə yaraşmayan və prokurorluqda xidmətlə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə 9 əməkdaş prokurorluq orqanlarından xaric olunub.