“Avropa İttifaqı (Aİ) rəsmiləri Azərbaycan prezidenti İlham Əliyevə təzyiq göstərməli, onu siyasi fəalları, jurnalistləri və hökuməti tənqid edənləri həbsdən buraxmağa, müstəqil qruplara basqını dayandırmağa, onların fəaliyyətinə imkan verməyə çağırmalıdır”. Azadliq.org-un məlumatına görə, “Human Rights Watch” beynəlxalq insan haqları təşkilatının bəyanatında belə deyilir.
Fevralın 6-sı Brüsseldə İlham Əliyevin Aİ rəsmiləri ilə görüşü olacaq. Prezident Brüsselə Azərbaycanla Aİ arasında razılaşma danışıqlarının açılışına gedib. Onun Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker, Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk və başqa rəsmilərlə görüşü gözlənir.
Görüş ərəfəsi 76 insan haqları təşkilatı Aİ rəsmilərinə məktub göndərib. Onlar qurumu bu görüşlərdən yararlanmağa, İlham Əliyevin qarşısına konkret öhdəliklər qoymağa çağırırlar.
“Human Rights Watch” qeyd edir ki, Avropa İttifaqı cəsarətli hüquq müdafiəçilərinə arxa duracağına söz verib: “Avropa İttifaqı ilə Azərbaycanın yeni əməkdaşlıq dönəminə qədəm qoyduğunu nəzərə alsaq, qurumun həmin vədlərinə əməl etməsinin vaxtı çatıb. Qurum sözünün üstündə dayanmalı, Əliyevin müxalif fikirli qüvvələrə basqısını, insan haqları məsələsini gözardı etməməlidir”.
Bəyanatda bildirilir ki, 2016-cı ildə Azərbaycan hökuməti beynəlxalq təzyiqlərə görə siyasi motivlərlə həbs olunmuş 17 nəfəri azadlığa buraxıb: “Ancaq 2016 və 2017-ci illərdə hökumətin basqısı daha da güclənib, onlarla siyasi fəal, bloqçu narkotiklə bağlı cinayətlərdə, qanunsuz silah saxlamaqda, vergidən yayınmaqda, xuliqanlıqda, təxribatda, dövlətə xəyanətdə günahlandırılaraq içəri salınıb, uzunmüddətli həbslə cəzalandırılıb”.
“Human Rights Watch” son illər Azərbaycan hökumətinin müstəqil qrupların, tənqidi jurnalistikanın fəaliyyətini məhdudlaşdırmaq cəhdlərini artırdığını, bundan ötrü təqib və həbslərə əl atmaqla yanaşı sərt qanun və qaydaların da müstəqil təşkilatların fəaliyyətinə imkan vermədiyini vurğulayır. Bəyanatda qeyd olunur ki, Avropa İttifaqının Azərbaycanla işbirliyi Lissabon razılaşmasının 21-ci maddəsinə uyğun aparılmalı, demokratik prinsiplər, qanunun aliliyi, insan haqları və fundamental azadlıqlarla bağlı prinsiplərə əməl edilməlidir: “Azərbaycanla danışıqlarda Aİ-nin gözləntiləri – insan haqları ilə bağlı durumun inkişafı, o cümlədən siyasi fəalların və jurnalistlərin təcili və şərtsiz azadlığa buraxılması baxımından gözləntiləri vurğulanmalıdır”.