“Avroviziya 2017” mahnı müsabiqəsinin yarımfinallarının tərkibi bəlli olub. Novator.az-ın məlumatına görə, yanvarın 31-i Ukraynanın paytaxtı Kiyevdə keçirilən püşkatmanın nəticələrinə əsasən, birinci yarımfinalda 18, ikinci yarımfinalda 19 iştirakçı yer alır.
Azərbaycan müsabiqənin ilk yarımfinalında Monteneqro, Finlandiya, Gürcüstan, Portuqaliya, Belçika, İsveç, Albaniya, Avstraliya, Ermənistan, Kipr, Sloveniya, Moldova, Çexiya, Latviya, İslandiya, Yunanıstan və Polşa ilə mübarizə aparacaq.
İkinci yarımfinalın iştirakçıları Makedoniya, Malta, Niderland, Serbiya, Danimarka, Rusiya, Rumıniya, Macarıstan, Avstriya, İrlandiya, İsveçrə, Estoniya, İsrail, Bolqarıstan, San Marino, Litva, Xorvatiya, Norveç və Belarusdur.
Ukrayna, İtaliya, İspaniya, Almaniya, Fransa və Böyük Britaniya finala avtomatik vəsiqə alıb.
Yarımfinallar Kiyevdə mayın 9-u və 11-də, final mayın 13-də keçiriləcək.
“Avroviziya 2017”də Azərbaycanı Diana Hacıyeva təmsil edir. Diana Hacıyeva 1989-cu ildə Bakıda anadan olub. Bakı Musiqi Akademiyasını bitirib. Hazırda Bakı Caz Mərkəzində çalışır.
Azərbaycan Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” musiqi yarışına 2008-ci ildən qatılır. İlk 6 iştirak uğurlu olub: 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci yerdə, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü yerdə, 2010-cu ildə Səfurə Əlizadə 5-ci yerdə, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci yerdə, 2012-ci ildə Səbinə Babayeva 4-cü yerdə, 2013-cü ildə Fərid Məmmədov 2-ci yerdə qərarlaşıb.
Sonrakı üç ildə Azərbaycan “Avroviziya” musiqi yarışında ilk onluğa keçə bilməyib. 2014-cü ildə təmsilçi Dilarə Kazımova 22-ci yeri, 2015-ci ildə Elnur Hüseynov 12-ci yeri tutub. Ötən il isə Azərbaycan təmsilçisi Səmra Rəhimli “Avroviziya”nı 17-ci yerdə başa vurub.