Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bildirir ki, ölkədə yanvarın 31-dən fevralın 1-i səhərədək kəskin hava şəraiti davam edib, qar yağıb, bəzi yerlərdə intensiv olub.
Yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-10, Böyük Qafqazda 1-5, Kiçik Qafqazda 0-2, Naxçıvan Muxtar Respublikasında 1-3, Lənkəran-Astara zonasında 4-16, Mərkəzi Aran rayonlarında 2-10, Qazax-Gəncə zonasında 2-8 millimetr təşkil edib.
Qarın qalınlığı Bakıda 23, Sarıbaşda (Qax) 69, Şəkidə 25, İsmayıllıda 22, Qubada 18, Altıağacda 17, Qəbələdə 13, Zaqatalada 12, Oğuzda 11, Mərəzədə 10, Qusar, Şamaxıda 9, Balakəndə 7, Lerikdə 32, Yardımlıda 19, Lənkəranda 6, Daşkəsəndə 19, Gədəbəydə 18, Göygöldə 11, Şahbuzda 38, Şərurda 34, Naxçıvanda 32, Tərtərdə 23, Beyləqanda 15, Bərdədə 13, Göyçayda 10, Yevlaxda 7, Mingəçevirdə 3, Tovuzda 30, Ağstafada 12, Gəncədə 6, Naftalanda 4, Şəmkirdə 3, Ağdamda 2 santimetrə çatıb.
Bakıda və Abşeron yarımadasında 1-3, Aran rayonlarında 0-2, dağlıq rayonlarda 12-17, Naxçıvanda 7-16 dərəcə şaxta qeydə alınıb.
Fevralın 1-i paytaxtda müşahidə edilən qarlı, şaxtalı hava küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb. Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, səhər saatlarında paytaxtın əksər küçə və prospektlərində, o cümlədən Heydər Əliyev prospekti (şəhər istiqaməti), Yusif Səfərov (şəhər istiqaməti), Ziya Bünyadov prospekti (hər iki istiqamət, xüsusən də körpü və tunellərdə), Bakıxanov küçəsi (körpünün üstü), Tbilisi prospekti, Zığ yolu-Nobel prospekti, Sərifzadə küçəsi, Mətbuat prospekti və 20 Yanvar dairəsində nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.