Təhsil Nazirliyi yanvarın 30-da növbədənkənar kollegiya iclası keçirib. Rəsmi məlumata görə, iclasda Qafqaz Universitetinin ləğvetmə komissiyasının təqdim etdiyi təkliflər əsasında tələbə kontingentinin digər universitetlərdə yerləşdirilməsi məsələsi müzakirə olunub. Qış imtahan sessiyasından sonra bütün tələbələrin Bakı Mühəndislik Universitetində öz ixtisasları üzrə yerləşdirilməsi qərara alınıb. Qərarda tələbələrin təhsil aldıqları tədris dilinin saxlanması da əksini tapıb. Digər ali təhsil müəssisələrində təhsillərini davam etdirmək istəyən tələbələrin müraciətlərinə yay tətili zamanı baxılacaq.
Qafqaz Universitetinin bütün əmlakı dövlət nəfinə qəbul ediləcək.
Novator.az bildirir ki, Qafqaz Universiteti 1993-cü ildə fəaliyyətə başlayıb. Universiteti Türkiyənin “Çağ Öyrətim işlətmələri” qrupu açıb. 2013-cü ildə universitetin təsisçiliyi Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinə keçib. Bu ictimai birliyin əsas təsisçisi Dövlət Neft Şirkətidir. Bu il yanvarın 16-da təsisçinin qərarı ilə universitetin ləğvetmə prosesinə başlanıb.
Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı Mühəndislik Universitetinin yaradılmasına ötən il noyabrın 8-də sərəncam verilib. Prezident sərəncamında qeyd olunub ki, Azərbaycan iqtisadiyyatının indiki inkişaf səviyyəsi sənaye müəssisələrində istehsal proseslərini təşkil etmək və innovativ texnologiyalarla işləmək bacarığına malik mütəxəssislərin hazırlığını həyata keçirən, müasir tələblərə uyğun yeni ali təhsil müəssisəsinin təsis edilməsi zərurətini meydana çıxarıb. Yeni universitet ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığı, bu sahədə ali və əlavə təhsil proqramlarının həyata keçirilməsi, fundamental və tətbiqi elmi tədqiqatlarla məşğul olacaq.