Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının icrasına həsr olunan konfransda çıxış edən prezident İlham Əliyev ərzaq təhlükəsizliyi məsələsinə toxunub: “Bizim əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsini göstərən bəzi rəqəmlər aşağıdakı kimidir: mal əti – özümüzü 94 faiz təmin edirik, 5 faiz xarici komponent mövcuddur. Qoyun əti – 99 faiz və cəmi 2 faiz xarici komponent. Süd və süd məhsulları – özümüzü 88 faiz təmin edirik, bunun tərkibində 10 faiz idxal xammal var. Əmtəəlik yumurta – 99 faiz. Burada isə xarici komponent 65 faizdir, bunlar dənlik qarğıdalı, soya, günəbaxan və dərmandır. Bu sahəyə həm dövlət qurumları, həm özəl sektor fikir verməlidir ki, burada xarici komponenti azaltmaq üçün hansı işlər görülməlidir.
Bitki yağları – özümüzü 48 faiz təmin edirik. Ancaq bu 48 faizin 80 faizi xaricdən gələn xammaldır. Yəni, əslində, bitki yağları və marqarinin istehsalı sadəcə olaraq iş yerlərinin yaradılmasına xidmət edir. Bunun faydası bundadır. Əgər bunun tərkibində 80 faiz xarici komponent varsa, bunu yerli məhsul adlandırmaq mümkün deyil. Ona görə çalışmalıyıq və o cümlədən biznes qurumları çalışmalıdırlar ki, həm bitki yağlarının istehsalının həcmi artsın, eyni zamanda bu, daxili xammal əsasında istehsal edilsin.
Kərə yağı – 76 faiz özümüzü təminetmə əmsalıdır. Bunun içində 10 faiz xarici komponent var, bu da qablaşdırma ilə bağlıdır. Əfsuslar olsun ki, biz bu sahədə də hələ idxaldan asılıyıq. Qablaşdırma o qədər də böyük məsələ deyil ki, biz bunu həll edə bilməyək. Xüsusilə nəzərə alsaq ki, bizdə bazarın həcmi və əhali artır, indi istənilən tara və qablaşdırma Azərbaycanda təşkil edilməlidir. Bunu həm Sahibkarlığa Kömək Milli Fondu, eyni zamanda sahibkarlar özləri də nəzərə alsınlar.
Buğda – özümüzü 53 faiz təmin edirik, 20 faiz xarici komponentdir. Bu, azdır. Əminəm ki, yeni iri fermer təsərrüfatlarının fəaliyyəti nəticəsində biz özümüzü buğda ilə daha da böyük səviyyədə təmin edə bilərik. Arpa – 102 faiz, qarğıdalı – 71 faiz, soya – cəmi 4 faiz. Özümüzü meyvə və giləmeyvə ilə 122 faiz təmin edirik. Lakin elə növlər var ki, biz özümüzü təmin edə bilmirik. Bu da təəssüf doğurur. Ancaq bütövlükdə meyvə, giləmeyvə bizim vacib ixrac məhsulumuzdur.
Bütün növ tərəvəz – burada da ümumi rəqəm 96 faizdir. Hesab edirəm ki, bu, azdır. Ancaq, misal üçün, kartof 86 faiz, bir qədər aşağı düşüb, pomidor 120 faiz, xiyar 105 faiz. Çay – özümüzü 45 faiz təmin edirik, onun içində də 50 faiz xarici komponent var. Duz ilə isə özümüzü 100 faiz təmin edirik və xarici komponent ancaq 5 faizdir. Bu, çox yaxşı göstəricidir. Bir neçə il bundan əvvəl biz demək olar ki, duzun hamısını idxal edirdik.
Şəkər və şəkərdən hazırlanan məhsullar – özümüzü təminetmə əmsalı 115 faizdir. Ancaq bunun tərkibində 73 faiz xarici xammal var. Artıq göstəriş verilib, xarici xammalın həcminin aşağı salınması üçün yeni proqram hazırlanıb. Mən bu barədə deyəcəyəm. Şəkər çuğundurunun əkilməsi, becərilməsi və şəkərin şəkər çuğundurundan istehsalı proqramı hazırdır.
Makaron məmulatları – özümüzü cəmi 38 faiz təmin edirik, bunun içində də 95 faiz xarici xammal var. Bal – 97 faiz.
Bu rəqəmlər onu göstərir ki, son illər ərzində biz öz ərzaq təhlükəsizliyimizi böyük dərəcədə təmin edə bilmişik. Əgər biz sovet vaxtına nəzər salsaq görərik ki, – təbii, o vaxt bölgü aparılırdı, – Azərbaycanda üzüm, pambıq, gül, meyvə, tərəvəz istehsal edilirdi, ancaq yağ, ət, un başqa respublikalardan gətirilirdi. Bu da vahid ölkə üçün məqbul variant idi. Ancaq biz indi müstəqillik dövründə yaşayırıq və əlbəttə ki, çalışmalıyıq öz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək”.
Yanvarın 30-u Bakıda keçirilən konfransa yekun vuran dövlət başçısı qeyd edib ki, Azərbaycan postneft dövründə yaşayır: “Bunu mən o mənada deyirəm ki, dövlət qurumları daha neft amilinə bel bağlamasınlar. Ancaq bu o demək deyil ki, bizim neftimiz tükənir. Yox, bizim neftimiz hələ onilliklər ərzində xalqımıza xidmət edəcək. Azərbaycan qazı iki ildən sonra dünya bazarlarına daha da böyük həcmdə çıxacaq və öz əhatə dairəsini genişləndirəcək. Yəni bu amil daim var və bu, bizə həmişə güclü bir dəstək kimi kömək edəcək. Ancaq biz işimizi elə qurmalıyıq ki, sanki bu yoxdur”.
Novator.az-ın məlumatına görə, İlham Əliyev çıxışında məmurlara səslənib: “İnsanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür. Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə demişəm, bu gün də deyirəm, bunu hər kəs bilsin, eşitsin və nəticə çıxarsın. Məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir. Özünü təvazökar aparmalıdır. Özü və ailə üzvləri nümunə olmalıdır. Rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır. Mən hər bir dövlət məmurunu ya icra başçısı, ya başqa vəzifəyə təyin edəndə göstəriş verirəm ki, get insanlara qulluq et, xidmət göstər, dövlətə xidmət et, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar. Onların da cəzası verilir və veriləcək.
Çünki biz bütün bu işləri görürük ki, Azərbaycanda inkişaf hərtərəfli və sürətli olsun. Xoşagəlməz hallara son qoyulmalıdır. “ASAN xidmət”i biz yaratdıq, artıq neçə ildir ki, işləyir. Bir dənə də olsun oradan şikayət yoxdur. Hər halda mən eşitməmişəm. Bəyənilmə əmsalı 98 faizdir. On üç milyon müraciət olunub. Bizim əhalimiz hələ 10 milyona çatmayıb, 13 milyon müraciət olub. Bu, ictimai xidmətlər sahəsində bir yenilikdir. Yəni bu nəyi göstərir? Birincisi, bizim iradəmizi və siyasətimizi göstərir. İkincisi isə onu göstərir ki, bu cür işləmək mümkündür. Əgər orada mümkündürsə, deməli, hər yerdə mümkündür. Ona görə məmur-vətəndaş münasibətləri, bu məsələlər cəmiyyət üçün, inkişaf üçün çox önəmlidir. Burada hər şey məmurlardan asılıdır. Onlar dediyim kimi işləməlidirlər. Əgər öz işində nöqsana, yaxud da pozuntuya yol verərsə, onlar lazımi səviyyədə cəzalandırılacaqlar”.