Karabük Universitetinin dosenti, azərbaycanlı siyasi analitik Ələskər Ələskərli Novator.az-a Türkiyədəki konstitusiya islahatı prosesindən danışıb.
Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) hazırladığı, parlamentdə təmsil olunan müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) dəstəklədiyi konstitusiya islahatı layihəsi ölkənin prezident idarə üsuluna keçidini nəzərdə tutur. Referenduma çıxarılmaq üçün parlamentdən keçən layihəyə əsasən, prezident həm dövlət başçısı, həm də hökumət başçısı olur. Nazirlər Kabineti, baş nazirlik ləğv edilir, prezidentin bir çox səlahiyyəti artırılır, ona partiya üzvü olmaq hüququ verilir. Parlamentin səlahiyyətləri isə əsasən qanunvericilik işi ilə məhdudlaşır.
Ələskər Ələskərli deyir ki, həm 2015-ci ilin parlament seçkisindəki səs nisbəti, həm də ötən ilin iyul ayındakı dövlət çevrilişi cəhdindən sonra iqtidara verilən dəstək referendumun nəticələrini də təyin edə bilər: “Milliyyətçi Hərəkat Partiyasından gələn dəstək də konstitusiya islahatı layihəsinin keçmə ehtimalını gücləndirir. Referendumun nəticələri ilə bağlı təxminlər fərqlidir. Bəziləri düşünür ki, referendumdan dəyişiklik təklifinə müsbət cavab gələcək. AKP və MHP-nin son seçkidə aldığı səslərin birlikdə sayı belə düşünməyə əsas verir. Bəziləri isə hesab edir ki, seçki və referendumu eyniləşdirmək olmaz. Çünki seçici referendumla hər hansı bir partiyanın parlamentdə təmsil olunmasını təmin etmir, ölkədəki hökumət modeli dəyişikliyinə səs verir, Türkiyə vətəndaşı bu fərqi diqqətdə saxlayaraq səsverməyə gedəcək. Bu kəsim düşünür ki, prezident idarə üsulu Türkiyənin siyasi rejiminə neqativ təsir edəcək, demokratik, hüquqi dövlət sarıdan geriyə addım olacaq və belə layihənin xalqdan yetərli səs alması mümkün deyil.
Fikrimcə, ikinci arqument o qədər də qüvvətli deyil. Referenduma çıxarılan məsələ AKP-nin strateji qanun layihəsidir. AKP seçicisinin bu layihəyə “hə” deyəcəyi və MHP seçicisinin də ona dəstək verəcəyi qənaətindəyəm. Qanun layihəsi imzalanmaq üçün prezidentə göndəriləndən sonra 15 günlük müddət olacaq. Hər hansı veto mexanizmi də işə salınmayacaq, yəni referendum qaçılmazdır və bu tarix haqqında yaxın vaxtlarda açıqlama veriləcək”.
Ekspert əlavə edir ki, indiki müzakirələr hüquqi olmaqdan daha çox siyasi xarakter daşıyır: “Müxalifətin bir kəsimi narahatdır. Onlara görə, idarəetmə formasının dəyişməsi siyasi rejimə də təsir edəcək, onun xarakterini zədələyəcək, demokratik, dünyəvi dövlət prinsiplərinə xələl gətirəcək. Yalnız Türkiyədə deyil, bütün dünyada belədir, sıravi seçicinin hüquq mexanizmindəki dəyişiklikləri, konstitusiya normalarının məzmun və mahiyyətini tam dərk etmək imkanı yoxdur. Sırf hüquqi, texniki məsələlər mütəxəssis işidir. Bu baxımdan xalqın istifadə etdiyi səs hüquqi deyil, siyasi yön kimi ortaya çıxır. Belə məqamda siyasi partiyaların üzərinə böyük iş düşür. Xalqı arqument və əks arqumentlərlə maarifləndirməli olan güc onlardır. Türkiyədə geniş kütlələri inandırmaq qabiliyyəti baxımından AKP-dən böyük güc yoxdur. Odur ki, referendumdan təəccüb doğuracaq nəticə gözlənmir”.
Hazırda Türkiyə parlament respublikasıdır, hökuməti 550 nəfərlik parlamentdə azı 276 mandatı olan partiya qurur. Prezident isə dövlət başçısıdır.
Türkiyə prezidenti postunu Ədalət və İnkişaf Partiyasının qurucusu Rəcəb Teyyub Ərdoğan tutur. O, 2014-cü ildə ümumxalq seçkisində 5 il müddətinə prezident seçilib. Ədalət və İnkişaf Partiyası 2002-ci ildən təkbaşına hakimiyyətdədir, Rəcəb Teyyub Ərdoğan 2014-cü ilədək baş nazir olub.