Əmək pensiyasının təyin olunması zamanı nəzərə alınan 12 illik staj məhdudiyyəti aradan qaldırılır. Bunu jurnalistlərə müsahibəsində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Onun sözlərinə görə, fevralın 3-də Milli Məclisdə əmək pensiyalarının təyin olunması sisteminə dəyişikliklər barədə qanun layihəsinin müzakirəsi başlayacaq: “Hazırda hər bir sosial sığorta olunanın hesabında ödənilən məbləğin 50 faizi əks olunur, qalan məbləğ isə sistemin ümumi xərclərinə, o cümlədən pensiyaların baza hissəsinin maliyyələşdirilməsinə yönəldilir. Dəyişikliklər nəticəsində fərdi hesablara ödənişlərin bütün hissəsi daxil olacaq. Vətəndaş pensiyanın həcminə görə özü məsuliyyət daşımış olacaq, yəni pensiyanın həcmi onun nə qədər qazanmasından asılı olacaq.
Biz qanuna yeni element daxil edirik – minimal pensiya məbləği. Əgər pensiyanın hesablanması zamanı vətəndaşın almalı olduğu pensiyanın məbləği minimal pensiya məbləğini keçirsə, o zaman iş stajından asılı olmayaraq ona pensiya təyin ediləcək. Əks halda iş stajına baxılacaq. İşçinin 25 illik iş stajı varsa, biz sistemin vəsaitləri hesabına ona minimal pensiya təyin edəcəyik”.
“Azadlıq” radiosunun şərhində qeyd olunur ki, əmək pensiyasının baza hissəsinin minimum pensiya məbləği ilə əvəzlənməsi “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı konsepsiyası”nda nəzərdə tutulub. Konsepsiyaya əsasən, əmək pensiyasının baza hissəsi əvəzinə minimum pensiya məbləği tətbiq ediləcək. Pensiya vətəndaşların fərdi hesab məlumatları əsasında təyin olunacaq. Vətəndaşa hesablanan pensiya minimum pensiyadan aşağı olsa, işçinin stajı nəzərə alınacaq və məbləğ minimum həddə çatdırılacaq. Vətəndaşın pensiyası minimum məbləğdən artıq olduqda isə stajla bağlı heç bir tələb qoyulmayacaq.
Konsepsiyada bildirilir ki, minimum pensiya məbləğinin artımı ayrılıqda deyil, ümumi pensiya məbləğləri ilə birlikdə indeksləşdirmə qaydasında aparılacaq: “Yeni sistemin tətbiqi işçilərin şərti yığım sistemlərində uçota alınmış vəsaitin artırılmasına şərait yaradacaq, işləyənlərin fərdi hesablarında nəzərə alınan vəsait isə ödənilən sığorta haqqının yarısını deyil, tam məbləğdə nəzərə alınmasını təmin edəcək”.
Pensiya sistemində dəyişiklik təşəbbüsünü şərh edən iqtisadçı Rövşən Ağayev deyir ki, iqtisadi mühit bu islahatlara hazır deyil: “Gizli işsizlik yüksəkdir. Nəinki yüksək əməkhaqqı verən, ümumiyyətlə əməkhaqqı verən iş yerlərinin sayı iqtisadi fəal əhalinin sayı ilə müqayisədə çox azdır. Deyək ki, hökumət yeni mexanizm tətbiq elədi, amma iqtisadiyyat tam və səmərəli məşğulluğu təmin etmək gücündə deyil, insanların sosial müdafiəsində pensiya sisteminin rolu əhəmiyyətli dərəcədə azala bilər. Pensiya sırf sığorta ödəmələrinə bağlı olsa, ölkədə yoxsulluq və səfalətin daha sürətlə genişlənməsi riski yaranır.
Sığorta sistemi dünyada ən effektiv və şəffaf sistem sayılır, sadəcə, bundan ötrü zəruri iqtisadi mühit olmalıdır. Dünya təcrübəsində xalis sığorta sisteminin ümidinə qalan pensiya o halda effekt verir ki, iqtisadiyyat iqtisadi fəal əhalinin ən azı 65-70 faizini leqal iş yeri və ləyaqətli əməkhaqqı ilə təmin etmək potensialına malik olur”.
Rövşən Ağayev minimum pensiya ilə pensiyanın baza hissəsinin fərqlərini belə izah edir: “Minimum pensiya o deməkdir ki, insanlar sığorta yığımları hesabına hökumətin minimum hədd kimi qoyduğu həddi özləri yığmalı olacaq. Baza pensiyası isə o deməkdir ki, bunu təmin etmək hökumətin sosial öhdəliyidir. Bu öhdəlik qanunla müəyyən edildiyindən hər il Dövlət Sosial Müdafiə Fonduna büdcədən böyük transfertlər ayrılır.
Yeni dəyişikliklərlə pensiya şərtləri ağırlaşır. Özəlliklə aşağı əməkhaqqı ilə işləyən yüz minlərlə ixtisassız əmək sahibi və azgəlirli sosial sahə işçiləri üçün. Aşağı maaşla 25 il döz, işlə. Baza pensiyasında hökumətin bir şərti var – ən azı 12 il staj. Amma minimum pensiyada iki şərt ortaya çıxır – ya minimum həddə yığıma sahib olmaq, ya da 25 il staj. Hələ görək minimum pensiyanı toplamaq indiki iqtisadi şərtlərlə nə qədər asan olacaq”.
Hazırda pensiyanın baza hissəsi 110 manatdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 1 milyon 299 min 946 pensiyaçı var. Yaşa görə 781 min 238, əlilliyə görə 374 min 466, ailə başçısını itirməyə görə 144 min 242 nəfər pensiya alır.