Bakı Ağır Cinayətlər Məhkəməsi dələduzluqda təqsirləndirilən veteran futbolçu Maşallah Əhmədovun işi üzrə prosesi başa çatdırıb. Yanvarın 30-da hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə hökm oxunub. Maşallah Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub. Xəbəri Report.az yayıb.
Bizneslə məşğul olan Maşallah Əhmədov bir neçə şəxsə külli miqdarda ziyan vurmaqda təqsirli bilinib.
2015-ci il dekabrın 17-də Binəqədi Rayon Məhkəməsi Maşallah Əhmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçmiş, amma dekabrın 30-da o, ev dustaqlığına buraxılmışdı.
Maşallah Əhmədov 1978-ci ildən 1989-cu ilədək Bakının “Neftçi” komandasında oynayıb. 1986-cı ildə o, SSRİ-nin ən güclü 3 hücumçusundan biri seçilib.