Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Elektron hökumət” portalında təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidməti barədə hesabat yayıb. Rəsmi məlumata görə, “İş yerinə dair arayış” e-xidmətinə 2016-cı ildə 227 685 müraciət qeydə alınıb, bu da əvvəlki illə müqayisədə 10,3 faiz (21 209 müraciət) çoxdur.
Hesabatda qeyd olunur ki, 2014-cü ilin iyulundan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi nəticəsində bütün işçi və işəgötürənlər barədə dolğun informasiya bazasının formalaşması sistemin funksional imkanlarının artırılmasına, həmin ilin dekabr ayında “İş yerinə dair arayış” e-xidmətinin də istifadəyə verilməsinə imkan yaradıb. Cari ilin 1 yanvar tarixinədək həmin e-xidmətə 453 minə yaxın müraciət qeydə alınıb.
“İş yerinə dair arayış” e-xidməti istifadəçiyə real vaxt rejimində öz iş yeri haqqında onun istəyinə uyğun olaraq ümumi təyinatlı, yaxud konkret bir quruma təqdim etmək üçün, əməkhaqqı göstərilməklə və ya göstərilmədən e-arayış əldə etmək imkanı verir. Avtomatik olaraq formalaşdırılan iş yerinə dair arayışı müvafiq təşkilata elektron şəkildə göndərmək, yaxud çap edərək təqdim etmək mümkündür. Arayışda işçi və işəgötürənə aid məlumatlar, əmək müqaviləsinin bağlandığı tarix və sair əksini tapır.
Arayışın təqdim edildiyi qurum arayışdakı ştrix-kod vasitəsilə və portaldakı müvafiq xidmətdən istifadə edərək bu sənəddə əksini tapan məlumatların həqiqiliyini yoxlaya bilir.