Hesablama Palatası bəzi auditlərin nəticələrini açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlı hesabatda qeyd olunur ki, Milli Geoloji Kəşfiyyat Xidməti və Xidmətin hüquqi şəxs statuslu qurum kimi yaratdığı 10 qurumun dövlət qeydiyyatına alınması təmin edilməyib, proqnoz göstəricilərinin tərtibi zamanı gözlənən xərclərin və tələb olunan vəsaitin həcmi üzrə müvafiq hesablamalar aparılmadan keçən ilin faktiki xərclərini təqribi artırılmaqla büdcə təklifləri hazırlanıb.
Dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən geoloji-kəşfiyyat işləri üzrə vəsait ayrıldıqdan sonra 2014-cü il üçün dövlət sifarişi həmin ilin aprel ayında, 2015-ci il üçün isə həmin ilin mart ayında təsdiq edilib, 2014-cü ilin dövlət sifarişində “Seysmoaktiv zonaların seysmogeodinamik şəraitinin öyrənilməsi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə palçıq vulkanlarında müşahidə işlərinin aparılması”na dair geoloji işlər nəzərdə tutulsa da, həmin işlər Xidmətin “Obyektlər Planı”na daxil edilməyərək icra olunmayıb. “Obyektlər Planı”nda nəzərdə tutulan bəzi obyektlər üzrə layihənin smeta dəyəri, hər ilin başlanğıcına qalıq smeta dəyəri, yekun hesabatın Elmi-Texniki Şuraya təqdim olunma tarixi (vaxtı) göstərilməyib, radioaktivlik xəritəsinin tərtibi üzrə geoloji-kəşfiyyat işlərinin yerinə yetirilməsi haqqında aktlarda nüvə geofiziki axtarış işlərinin respublikanın hansı ərazisində yerinə yetirildiyi qeyd edilməyib, bəzi hallarda başa çatdırılmış işlərə çəkilən məsrəflərin hesabatdan silinmə dövrü ilə hesabatın Arxiv Fonduna təhvil verilmə dövrü arasında uyğunsuzluqlar mövcud olub, başa çatdırılan geoloji-kəşfiyyat işləri üzrə hesabatlar Arxiv Fonduna təhvil verilsə də, həmin işlərə çəkilən məsrəflərin ekspedisiyaların mühasibat hesabatlarından vaxtında silinməməsi səbəbindən hesabatlarda nöqsanlara yol verilib.
Dövlət sifarişinin müvafiq bəndində xüsusi geoloji təyinatlı əsas vəsaitlərin, komplektləşdirilmə məmulatlarının və xüsusi materialların alınması üçün vəsait nəzərdə tutulduğu və həmin vəsait hesabına Xidmətdə mərkəzləşdirilmiş qaydada tələb olunan əsas vəsaitlər, məmulat və materiallar ilə ekspedisiyalar əvəzsiz qaydada təmin edildiyi halda ekspedisiyalar onlara ayrılmış vəsaitin təyinatını dəyişdirərək xüsusi təyinatlı əsas vəsaitlərin, komplektləşdirilmə məmulatlarının və digər bu kimi material ehtiyatlarının alınmasına yönəldib, bəzi obyektlərin layihə-smeta sənədlərində xərc elementləri üzrə (əməkhaqqı, material ehtiyatları, nəqliyyat və s. xərclər) norma kimi müəyyən edilən məbləğlə geoloji-axtarış və qiymətləndirmə işlərinin aparılmasına çəkilən faktiki xərclərin məbləği fərqli olub.
Geoloji-kəşfiyyat və topogeodeziya-axtarış işlərinin aparılmasını tənzimləyən normativ-hüquqi aktların qəbulu istiqamətində tədbirlər həyata keçirilməyib, normativ hüquqi akt qəbul etmək hüququ olmayan Layihələndirmə Mərkəzində təsdiq edilmiş “Geoloji-kəşfiyyat işlərində iş vahidinə əmək sərfi norması və smeta qiymətləri toplusu”na əsasən müəyyən olunub, eyni zamanda Mərkəzdə əsaslandırma aparılmadan əməkhaqqı xərclərinin 15%-i həcmində xidmət haqqı yerinə yetirilmiş işlərə çəkilən əsas xərclərin tərkibinə daxil edilib.
Hesablama Palatası 2014-2015-ci illərdə Quba Rayon İcra Hakimiyyətinə, 2014-2015-ci illərdə və 2016-cı ilin 9 aylıq hesabat dövründə dövlət büdcəsindən Goranboy Rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan, 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-sentyabr aylarında Goranboy Mərkəzi Rayon Xəstəxanasına ayrılan vəsaitlərdən istifadədə də nöqsanlar olduğunu bəyan edib.