Minsk Şəhər Məhkəməsi bloqçu Aleksandr Lapşinin Azərbaycana təhvil verilməsi haqda qərardan şikayəti təmin etməyib. Proses yanvarın 26-da keçirilib.
Xəbəri yayan Azadliq.org qeyd edir ki, indi Lapşinin Belarus Ali Məhkəməsinə şikayət imkanı var.
Azərbaycanın tələbi ilə Belarusda tutulan bloqçunun Azərbaycana təhvil verilməsi haqda qərarı yanvarın 20-də Belarus Bas Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun təqdim etdiyi sənədlər əsasında çıxarıb.
Novator.az xatırladır ki, 1976-cı ildə Rusiyada doğulan Lapşin həm bu ölkənin, həm də İsrailin vətəndaşıdır. O, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib, özünə məxsus Puerrtto.livejournal.com portalında Dağlıq Qarabağı müstəqil dövlət kimi qələmə verib, həmçinin 6 aprel və 29 iyun 2016-cı il müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn çağırışlar edib.
Azərbaycanın Baş Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işinə başlayıb və Lapşin dövlətlərarası axtarışa verilib. Belarusun hüquq mühafizə orqanları Lapşini ötən ilin dekabrında saxlayıb.
Bu il yanvarın 23-də Aleksandr Lapşin prezident İlham Əliyevə əfv məktubu göndərib.