Yanvarın 27-si Respublika Hərbi Prokurorluğunda 2016-cı ilin yekunları ilə bağlı kollegiya iclası keçirilib. AZƏRTAC-ın məlumatına görə, məruzə ilə çıxış edən baş prokurorun müavini – hərbi prokuror Xanlar Vəliyev bildirib ki, hesabat dövründə qeydə alınan cinayətlərin 99,1 faizi açılıb.
Hərbi prokuror deyib ki, 2015-ci ilə nisbətən ötən il Silahlı Qüvvələrdə qeydə alınan hərbi xidmət əleyhinə cinayətlər 14,2 faiz, hərbi xidmətdən yayınma cinayətləri 35,1 faiz, o cümlədən hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə 40,2 faiz, fərarilik 69,2 faiz, tabelik qaydası əleyhinə pozuntu 4,2 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma 4 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə 53,3 faiz, qəsdən adam öldürmə 36,8 faiz, özünü öldürmə həddinə çatdırma 14,3 faiz azalıb. 2015-ci illə müqayisədə ötən il Müdafiə Nazirliyinin hərbi hissələrində qeydə alınan cinayətlər 5,1 faiz, o cümlədən hərbi xidmət əleyhinə cinayətlər 12,7 faiz azalıb.
Diqqətə çatdırılıb ki, 2016-cı ildə korrupsiya və rüşvətxorluq halları üzrə 153 şəxs barəsində 117 cinayət işinin istintaqı tamamlanıb, təqsirkar şəxslər məhkəmə məsuliyyətinə verilib. Dövlət əmlakının mənimsənilməsi ilə bağlı cinayət törədən şəxslərin əməlləri nəticəsində dövlətə vurulan 1 milyon 102 min 641 manat məbləğində maddi ziyan ödənib.
Ötən il axtarışda olan 45 nəfər tutularaq istintaqa cəlb edilib. Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət qaydasında 150 yoxlama keçirilib, nəticədə 2234 qanun pozuntusu aşkar edilib. Qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 228 təqdimat göndərilib, 239 nəfərə xəbərdarlıq edilib, 41 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 137 yazılı göstəriş verilib, cinayət işlərinin başlanmasının rədd edilməsinə dair 23 qanunsuz qərar ləğv olunub.