AZƏRTAC-ın müxbiri Tahir Ağaməmmədov Cəbrayılın Cocuq Mərcanlı kəndinə gedərək 23 ildir orada yaşayan Həziyevlər ailəsinin həyat şəraiti ilə tanış olub.
Cocuq Mərcanlı Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsidir. 1993-cü ilin oktyabrında Ermənistan silahlı birləşmələrinin işğal etdiyi kənd 1994-cü il yanvarın 5-də Azərbaycan Ordusunun keçirdiyi Horadiz əməliyyatı zamanı Füzuli rayonunun 22 yaşayış məntəqəsi ilə birgə azad olunub.
2016-cı ilin aprel ayındakı əks-hücumdan sonra Azərbaycan Ordusu ətraf ərazilərə nəzarət edir və Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olub, dinc əhalinin qayıtması üçün əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb.
Bu həftə prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpasına sərəncam verib. Kənddə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, işğaldan əvvəl kənddə 400 ailə yaşayıb. Cocuq Mərcanlıya köçmək üçün indiyədək komitəyə 190 ailə müraciət edib.
Cocuq Mərcanlı işğal olunanda doğma kəndi tərk etməyə məcbur olan Həziyevlər ailəsi dədə-baba yurdları azad edilən kimi geri qayıdıb. Ailənin başçısı Oqtay Həziyev deyir: “Kəndimiz işğaldan azad olunan vaxtdan ordumuza güvənərək burada yaşayırıq. İlk vaxtlar çətinliklərimiz çox olub. Lakin heç vaxt kənddən çıxmaq barədə düşünməmişik. Çünki bura bizim doğma torpağımızdır. Əkin-biçinlə, heyvandarlıqla məşğul olaraq təsərrüfatımızı böyütmüşük. Mal-qara, toyuq-cücə saxlayırıq, arıçılıqla məşğuluq. Taxıl, yonca, arpa və bostan bitkiləri əkirik. Dövlət bizə hər cür dəstək göstərir. Kənd təsərrüfatı ilə məşğul olmaq üçün texnikalar da verilib”.
Horadiz əməliyyatından 22 il sonra, ötən ilin aprelində Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpaq, o cümlədən Lələtəpə yüksəkliyi işğaldan azad olunub. Bu, Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini də möhkəmləndirib. Oqtay Həziyev prezidentin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncamını alqışlayaraq kənd sakinlərini doğma yurda qayıtmağa çağırır.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsinə başlayıb. ANAMA-nın Füzuli regionu üzrə əməliyyat menecerinin müavini Fehruz Mahmudov bildirir ki, kəndin 360 min kvadratmetr ərazisində kəşfiyyat işləri tamamlanıb. 30 min kvadratmetrdən çox ərazi təmizlənib. Əməliyyatlar tam gücü ilə aparılır və tezliklə torpaqlar yeni yaşayış məkanlarının salınması üçün hazır vəziyyətə gətiriləcək.
Həziyevlər ailəsinin üzvü Xuraman xanım kəndlərinin bərpa olunması ilə bağlı sərəncamın doğurduğu sevinc hissini belə ifadə edir: “Sevinirik ki, kəndimiz abadlaşacaq, sakinlər yurd-yuvalarına qayıdacaqlar. Gözəl günlər olacaq. Bundan artıq nə istəyə bilərik…”.