Nazirlər Kabinetində 2018-ci ilin dövlət büdcəsi layihəsinin, ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin prezidentə təqdim edilməsi məqsədilə sərəncam imzalanıb. Yanvarın 25-də baş nazir Artur Rasizadənin imzaladığı sərəncama əsasən, Maliyyə Nazirliyi dövlət büdcəsinin və icmal büdcəsinin layihəsini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini sentyabrın 15-dək, İqtisadiyyat Nazirliyi növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini, toplu maliyyə balansını sentyabrın 10-dək hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Dövlət Statistika Komitəsinə cari il üçün ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqramını dəqiqləşdirmək məqsədilə 2016-cı ilin ilkin statistik məlumatlarını fevralın 5-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etmək tapşırılıb.
Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsi gəlirlərinin layihəsini hazırlamaq məqsədilə müvafiq məlumatları iyulun 1-dək Maliyyə Nazirliyinə verməlidir.
Maliyyə Nazirliyi 2018-ci il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnozunun (gəlir, xərc və kəsir) ilkin ortamüddətli göstəricilərini aprelin 10-dək, dəqiqləşdirilmiş variantını sentyabrın 5-dək, dövlət büdcəsində dövlət investisiya xərclərinin ilkin həcmini martın 31-dək, dəqiqləşdirilmiş məbləğini isə iyulun 20-dək İqtisadiyyat Nazirliyinə təqdim etməlidir.
Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı həddinin tənzimlənməsinə və fiskal dayanıqlılığın gücləndirilməsi məqsədilə yeni fiskal qaydalara dair Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi və Dövlət Neft Fondu ilə razılaşdırılmış təkliflərini beş ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək də Maliyyə Nazirliyinə həvalə olunub.
İqtisadiyyat Nazirliyi 2017-ci ilin dəqiqləşdirilmiş, 2018-ci il və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin, ümumi və əhalinin əsas sosial demoqrafik qrupları üzrə yaşayış minimumunun 2018-ci il üçün ilkin proqnozlarını martın 1-dək, dəqiqləşdirilmiş variantını və növbəti il üçün dövlət büdcəsinin layihəsi ilə uyğunlaşdırmaq məqsədilə dövlət investisiya proqramının layihəsini avqustun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidir.
Bu nazirlik 2018-ci il və sonrakı üç il üçün ümumi daxili məhsulun həcminin, istehlak qiymətlərinin ortaillik indeksinin, orta aylıq əməkhaqqının, əhalinin gəlir və xərclərinin, məşğulluğunun və demoqrafik göstəricilərinin ilkin variantını martın 1-dək, dəqiqləşdirilmiş variantını isə avqustun 1-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna verməlidir.
Sərəncamda Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, nazirliklərin, komitələrin, idarə və təşkilatların rəhbərlərinə, şəhər və rayon icra hakimiyyəti orqanlarına tapşırıqlar, bələdiyyələrə tövsiyələr də yer alır.