Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin işi üzrə proses başa çatıb.
“Report”un məlumatına görə, yanvarın 25-də hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Taleh Bağırova 20 il, Fuad Qəhrəmanlıya 10 il həbs cəzası verilib.
Təqsirləndirilən digər şəxslərdən Abbas Hüseynov 20 il, Cabbar Cabbarov 19 il, Rasim Cəbrayılov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qalan şəxslərdən 12 nəfər 14 il 6 ay, bir nəfər isə 10 il həbs cəzası alıb.
2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. 5 nəfərin həlak olduğu əməliyyatda və daha sonra “Müsəlman birliyi” adlı hərəkatın rəhbəri Taleh Bağırov başda olmaqla xeyli adam tutulub. Baş Prokurorluq bəyan edib ki, “Müsəlman birliyi” hərəkatı dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək, şəriət qanunları ilə idarə edilən dini dövlət qurmaq məqsədilə yaradılıb, silahlanıb və hakimiyyət nümayəndələrinə qarşı terror aktları törətməyi də planlaşdırıb.
2015-ci il dekabrın 8-də tutulmuş Fuad Qəhrəmanlı dövlət əleyhinə yönələn açıq çağırışlar, zor tətbiq etmə hədəsi ilə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasında, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlarda təqsirli bilinir.
İstər Taleh Bağırov və Fuad Qəhrəmanlı, istərsə də təqsirləndirilən digər şəxslər ittihamları rədd edir, bunu siyasi sifariş adlandırırlar. “Nardaran işi”nə görə tutulanların əksəri saxlanarkən və sonralar hüquq mühafizə orqanı əməkdaşlarının işgəncələrinə məruz qaldıqlarını da bəyan edirlər. Onların bu iddiaları isə rəsmən təkzib edilib.