Müdafiə Sənayesi Nazirliyində 2016-cı ilin yekunlarına həsr olunmuş kollegiya keçirilib. İclasda çıxış edən nazir Yavər Camalov deyib ki, 2016-cı ildə müəssisələrdə istehsal olunan məhsulların ümumi həcminin 86 faizini müdafiə və xüsusi təyinatlı, 14 faizini mülki təyinatlı məhsullar təşkil edib. 2015-ci illə müqayisədə müdafiə təyinatlı məmulatların istehsalında 1,8 dəfə artım əldə olunub.
Yavər Camalov ötən il sifarişçilərə təhvil verilmiş məmulatlardan pilotsuz uçuş aparatlarını, minaatanları, AK-74M tipli avtomatı, universal pulemyotu, xüsusi təyinatlı snayper tüfəngini, “Matador” və “Marauder” tipli zirehli transportyorları, avtomatik qumbaraatan kompleksini, zenit qurğusu üçün nişangahı, müxtəlif çaplı patronları, atəş yığımlarını, tank əleyhinə əl qumbaraatanı üçün qumbaranı, təlim aviasiya bombalarını misal göstərib.