Azərbaycanın tələbi ilə Belarusda tutulan bloqçu Aleksandr Lapşin Minsk Şəhər Məhkəməsinə şikayət edib. Novator.az-ın məlumatına görə, Minsk Şəhər Məhkəməsi sədrinin köməkçisi Anastasiya Şilvyan bildirib ki, Lapşinin şikayətinə yanvarın 26-da baxmaq nəzərdə tutulur.
Lapşinin şikayəti Belarus Bas Prokurorluğunun onun Azərbaycana təhvil verilməsi haqda qərarı ilə bağlıdır. Bloqçu bu qərarın ləğvini istəyir.
Belarusun Bas Prokurorluğu Lapşinin Azərbaycana ekstradisiya edilməsi haqda qərarı Azərbaycan Baş Prokurorluğunun təqdim etdiyi sənədlər əsasında, bu ay çıxarıb.
1976-cı ildə Rusiyada doğulan Aleksandr Lapşin həm bu ölkənin, həm də İsrailin vətəndaşıdır. O, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib, özünə məxsus Puerrtto.livejournal.com portalında Dağlıq Qarabağı müstəqil dövlət kimi qələmə verib, həmçinin 6 aprel və 29 iyun 2016-cı il müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn çağırışlar edib.
Azərbaycanın Baş Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işinə başlayıb və Lapşin dövlətlərarası axtarışa verilib. Belarusun hüquq mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində Lapşin saxlanıb.
Bu il yanvarın 23-də Aleksandr Lapşin prezident İlham Əliyevə əfv məktubu göndərib. İsrailin Belarusdakı konsulu Yuliya Raçinski-Spivakova Rusiyanın RİA-Novosti agentliyinə deyib ki, məktubu notarial qaydada təsdiqləyərək Azərbaycanın Prezident Administrasiyasına göndərib.