“Beynəlxalq Şəffaflıq” (“Transparency İnternational”) təşkilatı Korrupsiya Qavrama İndeksini (KQİ) açıqlayıb. Qurumun milli bölməsi olan “Şəffaflıq Azərbaycan” İctimai Birliyi bununla bağlı təqdimat yayıb. Novator.az-ın məlumatına görə, bu il Azərbaycanın indeksdə 30 balla 176 ölkə arasında 123-cü sırada yer aldığı bildirilir: “Reytinq 0-100 bal arası qiymətləndirmə əsasında hazırlanıb. 100 bal olduqca təmiz, 0 bal isə olduqca yüksək korrupsiyalaşma səviyyəsini göstərir. 2015-ci ildə Azərbaycan 29 balla 168 ölkə sırasında 119-cu yeri tutmuşdu. Azərbaycanın KQİ-də mövqeyi əvvəlki illə müqayisədə bir bal yüksəlib.
2016-cı il reytinqinin hazırlanmasında ümumilikdə 13 fərqli hesabatdan istifadə edilib. Bu hesabatlar antikorrupsiya siyasətinin səmərəliliyinə təsir göstərən siyasi, iqtisadi və sosial xarakterli meyarlar üzrə ölkələrin mövqeyini qiymətləndirir. Azərbaycana dair məlumat 7 fərqli mənbə əsasında hazırlanıb.
Dövlət orqanlarında göstərilən xidmətlərin səmərəliliyinin və hesabatlılığının artırılması istiqamətində həyata keçirilən islahatlar nəticəsində Azərbaycanın KQİ-də mövqeyi yaxşılaşıb.
Hökumət 2016-cı ildə sahibkarlıq fəaliyyətinə əngəl törədən, o cümlədən korrupsiya halları üçün zəmin yaradan bir sıra problemin aradan qaldırılması üçün tədbirlər həyata keçirsə də, bu sahədə islahatların miqyasının genişləndirilməsinə ehtiyac var. İqtisadi sahədə aparılmış islahatlar Azərbaycanın indeksdəki yerinə ümumilikdə müsbət təsir etsə də, ölkənin KQİ-də mövqeyinin daha da irəliləməsi üçün yaxşı idarəçiliyin iki istiqaməti – demokratik idarəetmə və qanunun aliliyi sahələrində islahatların genişləndirilməsinə zərurət var.
Şəffaf və hesabatlı fiskal siyasətin dəstəklənməsi də hökumətin korrupsiyaya qarşı mübarizə sahəsində siyasətinin səmərəliliyinin artırılması və ölkənin KQİ-də statusunun yaxşılaşmasına töhfə verə bilər.
Azərbaycan son illərdə dövlət xidmətlərinin göstərilməsi sahəsində korrupsiyanın aradan qaldırılması istiqamətində ciddi irəliləyişə nail olub. Bir pəncərə prinsipi əsasında 112 dövlət xidmətinin həyata keçirilməsini təşkil edən “ASAN xidmət” mərkəzləri yüksək standartlara cavab verən fəaliyyətini davam etdirərək bu xidmətlərin göstərilməsi prosesini daha da təkmilləşdirib. “ASAN xidmət”in fəaliyyəti dövlət orqanları arasında rəqabətin meydana çıxmasına şərait yaradaraq xidmət istifadəçilərinin məmnuniyyətini hədəf alan, daha yaxşı idarəetmə siyasətinin və praktikasının formalaşmasına imkan verib. Paralel olaraq hökumət dövlət orqanlarında göstərilən elektron xidmətlərin sayını və keyfiyyətini daha da artıraraq məmurla vətəndaş arasında təması azaldıb.
Ötən il dövlət idarəetməsində korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş ən vacib islahatlardan biri də korrupsiya hüquqpozmaları barədə məlumat verən şəxslərin dövlət müdafiəsinin təmin edilməsidir. Bu dəyişiklik korrupsiya hüquqpozmaları barədə məlumatın verilməsi və məlumatı verən şəxsin müdafiəsi üçün tədbirlərin görülməsi ilə bağlı qaydaları müəyyənləşdirib.
Digər müsbət addım isə hökumətin “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nı qəbul etməsi olub. Planın uğurlu icrası dövlət idarəetməsində ictimai iştirakçılığın, şəffaflığın və hesabatlılığın gücləndirilməsinə geniş imkanlar yarada bilər.
2016-cı ildə bir sıra problem həllini tapmayıb. Vəzifəli şəxslərin gəlir bəyannamələrinin formasının hazır olmaması səbəbindən “Korrupsiyaya qarşı mübarizə” haqqında qanunda öz əksini tapmış tələb – vəzifəli şəxslərin maliyyə xarakterli məlumatları təqdim etməsi tələbi icra olunmayıb.
Vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması haqqında qanun layihəsi hazır olsa da, hələ ki, qəbul edilməyib.
Kommersiya qurumlarının dövlət reyestri mövcud olsa da, bir sıra vacib məlumatın kommersiya sirri hesab edilməsi biznes mühitində şəffaflığa kölgə salır.
Dövlət satınalmaları sahəsində şəffaflıq və hesabatlılığın kifayət qədər təmin olunmaması bu sahədə korrupsiya hallarının yaranmasına şərait yarada bilər. Satınalmalar üzrə Dövlət Agentliyinin ləğv olunmasından sonra bu sahədə qanunvericiliyin üzərində görülən işlər maraqlı tərəflər – sahibkarlar və vətəndaş cəmiyyəti institutları ilə məsləhətləşmələr aparılmadan həyata keçirilir.
Dövlət vəsaitlərinin ayrılması və xərclənməsi prosesinin şəffaflığının daha da artırılması vacibdir. Qanunverici orqanda dövlət büdcəsinin layihəsinin müzakirəsinə maraqlı tərəflər daha çox cəlb edilməli, dövlət vəsaitlərindən istifadə edilməsinə ictimai nəzarət gücləndirilməlidir. Hesablama Palatasının səlahiyyətləri genişləndirilməli, büdcə vəsaitlərinin xərclənməsinin hesabatlılığının təmin edilməsində rolu artırılmalıdır.
Qrant qanunvericiliyinin sadələşdirilməsi üçün siyasi iradənin göstərilməsinə baxmayaraq bu sahədə qanunvericilik aktları daha da təkmilləşdirilməlidir. Vətəndaş cəmiyyətinin fəaliyyəti qarşısında hüquqi və bürokratik maneələrin aradan qaldırılması istiqamətində səylər davam etdirilməlidir”.