İqtisadiyyat Nazirliyi ötən ildəki fəaliyyəti ilə bağlı geniş kollegiya iclası keçirib. Rəsmi məlumata görə, nazirliyin struktur bölmələrinin və tabe qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında iqtisadiyyat naziri Şahin Mustafayev 2016-cı ildə görülən tədbirlərdən və ölkənin iqtisadi siyasətindəki prioritetlərdən danışıb. Qeyd edilib ki, 2016-cı ildə qeyri-neft sənayesində məhsul istehsalı 5 faiz çoxalıb, kənd təsərrüfatı 2,6 faiz, informasiya və rabitə sahəsi 4,4 faiz, ticarət 1,7 faiz, turizm 11 faiz böyüyüb. Ötən il ölkə iqtisadiyyatına 11,7 milyard ABŞ dolları həcmində investisiya yatırılıb, bunun 3,7 milyard dolları daxili sərmayələrdir.
Nazir deyib ki, ötən il qeyri-neft sənayesində müasir müəssisələrin yaradılmasının dəstəklənməsi davam etdirilib, 410 sənaye müəssisəsi açılıb, bir sıra sənaye obyektlərinin tikintisinə başlanıb, sənaye parklarının və zonalarının təşkili işləri davam etdirilib.
Kollegiya iclasında vurğulanıb ki, prezident İlham Əliyev böyük ixrac potensialına və ölkəyə valyuta gətirmək imkanına malik ənənəvi əkinçilik sahələrinin inkişaf etdirilməsi, 2017-ci ildə pambıq sahələrinin genişləndirilməsi və 200 min tondan çox xam pambıq tədarük edilməsi, baramaçılıq, üzümçülük, tütünçülük, zeytunçuluq, fındıqçılıq, çayçılıq və digər ənənəvi sahələrin inkişafı məqsədilə qarşıya mühüm vəzifələr qoyulub. Diqqətə çatdırılıb ki, 2016-cı ildə pambıq istehsalı 2,5 dəfə artıb. Əkin sahələrinin genişləndirilməsi üçün 27 rayonda 100 min hektar sahənin əkin dövriyyəsinə cəlb olunması üzrə işlər görülür. Dövlət başçısının müvafiq sərəncamları ilə ölkədə barama, pambıq və tütün istehsalçılarına subsidiya verilməsi qərara alınıb. 2016-cı ildə pambıqçılıqla məşğul olan 260-dək fermerə 3,2 milyon manat, tütünçülük sahəsi üzrə isə 30-a yaxın fermerə 220 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 1000-dən çox yeni iş yeri yaradılıb.
Qeyd edilib ki, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılması davam etdirilir. Əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə 20 rayonda 44 min hektaradək sahədə 22 sahibkarlıq subyekti 32 iri fermer təsərrüfatı yaradıb. Ümumi dəyəri 193 milyon manat olan bu təsərrüfatların yaradılmasına 70,5 milyon manat güzəştli kredit verilib.
İclasda bildirilib ki, “ASAN xidmət” mərkəzləri vasitəsilə lisenziyaların verilməsinə başlandığı 2015-ci il noyabrın 2-dən bu il yanvarın 1-dək sahibkarlara 3382 lisenziya verilib, bunun da 1788-i yeni, 1594-ü isə müddətsiz lisenziya ilə əvəz edilmiş lisenziyalardır. Verilmiş lisenziyaların 2964-ü Bakı şəhərinin, 418-i isə regionların payına düşür.
2016-cı ildə cəmi 60 yoxlama keçirilib. Müqayisə üçün qeyd edilib ki, 2015-ci ildə belə yoxlamaların sayı 61 mindən çox olub.
Bildirilib ki, özəl sektorun uzunmüddətli və əlverişli şərtlərlə maliyyə resurslarına çıxışının təmin olunması üçün Sahibkarlığa Kömək Milli Fondu 2016-cı ildə 2477 sahibkara 190 milyon manata yaxın kredit verib.
Kollegiya iclasında cari məsələlər də müzakirə edilib, İqtisadiyyat Nazirliyinin 2017-cı il üçün iş planı təsdiq olunub.