Xəbər verildiyi kimi, prezident, ali baş komandan İlham Əliyev yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edib.
Hərbi şəhərcik 42 hektar ərazidə yerləşir. Şəhərcikdə zabit, gizir və çavuşlar üçün 9 yaşayış binası inşa edilib. Onlardan 4-ü ailəli, 5-i isə subay hərbi qulluqçular üçündür. Ərazidə ümumilikdə 13 əsgər yataqxanası tikilib. Hərbi şəhərcikdə inzibati, xidməti və texniki binalar da inşa edilib.
Prezident İlham Əliyevə hərbi hissədəki texnika barədə də məlumat verilib.
Hərbi şəhərcikdə yaradılan şəraitlə tanışlıqdan sonra dövlət başçısı hərbi qulluqçularla görüşüb. Prezident İlham Əliyev deyib ki, ordu quruculuğu prosesi Azərbaycanda dövlət siyasətidir. Hərbi qulluqçuların sosial məsələlərinin həllinin diqqət mərkəzində saxlandığını, Azərbaycan Ordusunun dünyanın ən qüdrətli ordularından olduğunu deyən dövlət başçısı son illərdə ordunun maddi-texniki bazasının müasirləşdirilməsi istiqamətində atılan addımlardan danışıb.
Ötən ilin aprel döyüşlərinə toxunan İlham Əliyev bunu Azərbaycan Ordusunun böyük qələbəsi kimi xarakterizə edib. O, döyüşlər zamanı Ermənistanın öz ordusu ilə bağlı uzun illər yaratdığı mifin dağıdıldığını söyləyib. Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha vurğulayan dövlət başçısı Ermənistanın işğala son qoyması ilə bağlı beynəlxalq təşkilatların qətnamə və qərarlarına məhəl qoymadığını deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan gücləndikcə münaqişənin həlli yaxınlaşır.
Xəbəri AZƏRTAC yayıb.