Türkiyədə konstitusiya islahatı layihəsi parlamentdən dəstək alaraq imzalanmaq üçün prezidentə təqdim olunub. Hakim Ədalət və İnkişaf Partiyasının hazırladığı, parlamentdə təmsil olunan müxalif Milliyyətçi Hərəkat Partiyasının da dəstəklədiyi layihə ölkənin prezident idarə üsuluna keçidini nəzərdə tutur.
Konstitusiya islahatı layihəsi referenduma çıxarılmaq üçün parlamentdən 339 səslə keçib. Cümhuriyyət Xalq Partiyası və Xalqların Demokratik Partiyası konstitusiya islahatının əleyhinə çıxıb. Referendum aprel ayında keçirilə bilər.
Konstitusiya dəyişikliyi layihəsi prezidentin həm dövlət başçısı, həm də hökumət başçısı olmasını nəzərdə tutur. Nazirlər Kabineti, baş nazirlik ləğv olunur. Prezidentin bir çox səlahiyyəti artırılır, ona partiya üzvü olmaq hüququ verilir.
Layihədə parlamentin deputatlarının sayını 600-ə qaldırmaq təklif edilir. Parlamentin səlahiyyətləri əsasən qanunvericilik işi ilə məhdudlaşır. Dövlət başçısının parlamenti buraxmaq, parlamentin isə prezidenti istefaya göndərmək səlahiyyəti olacaq. Bu hallarda prezident və parlament seçkiləri birlikdə keçiriləcək.
Hazırda Türkiyə parlament respublikasıdır, hökuməti 550 nəfərlik parlamentdə azı 276 mandatı olan partiya qurur. Prezident isə dövlət başçısıdır.
Türkiyə prezidenti postunu Ədalət və İnkişaf Partiyasının qurucusu Rəcəb Teyyub Ərdoğan tutur. O, 2014-cü ildə ümumxalq seçkisində 5 il müddətinə prezident seçilib. Ədalət və İnkişaf Partiyası 2002-ci ildən təkbaşına hakimiyyətdədir, Rəcəb Teyyub Ərdoğan 2014-cü ilədək baş nazir olub.