“Vaşinqton Tayms” qəzetində “Caspian Group Holdings”in direktoru Rob Sobhaninin “Trampın Nobel mükafatı: Azərbaycanla Ermənistan arasında sülh bütün tərəflərin maraqlarına cavab verir” sərlövhəli məqaləsi dərc edilib. Müəllif ABŞ prezidenti Donald Trampı Dağlıq Qarabağ münaqişəsini nizamlamaq və Ermənistanla Azərbaycan arasında sülh yaratmaq üçün səylər göstərməyə çağırır.
AZƏRTAC-ın məlumatına görə, Sobhani yazır ki, saziş imzalamaq təcrübəsindən istifadə etmək və Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etmək üçün prezident Donald Trampa tarixi imkan yaranıb: “1991-ci ildə Ermənistanla Azərbaycan arasında irimiqyaslı müharibə başlayıb və 1994-cü ildə atəşkəs rejiminin bərqərar edilməsinə baxmayaraq silahlı toqquşmalar hələ də davam edir. Münaqişə zamanı bir milyondan çox azərbaycanlı doğma yurd-yuvasından didərgin salınıb və Azərbaycan ərazisinin 20 faizi Ermənistan qoşunlarının işğalı altındadır.
Ermənistanla Azərbaycan sülh şəraitində yaşamağa layiqdirlər və prezident Tramp hər iki tərəf üçün məqbul diplomatik təşəbbüs vasitəsilə bu xalqlara sülhü bərqərar etmək imkanı bəxş edə bilər. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının uğuru bütün dünyaya onu da nümayiş etdirəcək ki, ABŞ qlobal sabitlik sahəsində tədbirləri dəstəkləməyə davam edir.
Tramp Böyük Yaxın Şərq regionunda Azərbaycan prezidenti İlham Əliyev kimi etibarlı tərəfdaş tapa bilməz. İsrailin baş naziri Benyamin Netanyahunun bu yaxınlarda Bakıya səfəri zamanı vurğuladığı kimi, Azərbaycan dünyada birmənalı şəkildə Vaşinqtonun diqqətinə layiq olan azsaylı müsəlman ölkələrindən biridir”.
Sobhani yazır ki, sülh yolu ilə nizamlanma planı çərçivəsində Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmalıdır: “Bunun müqabilində Azərbaycan Ermənistan ərazisindən keçməklə Avropaya ixrac qaz kəməri çəkəcək və Azərbaycanın Dağlıq Qarabağ regionunun ermənilərinə ən yüksək muxtariyyət verəcək. Bu plana görə, birgə barışıq və yenidənqurma fondu iki ölkə arasında infrastruktur layihələrə, məsələn, Ermənistan ərazisindən keçməklə Bakıdan Naxçıvana yüksək sürətli sərnişin qatarı layihəsinə, habelə Ermənistanda köhnəlmiş Metsamor Atom Elektrik Stansiyasını əvəzləyəcək təhlükəsiz və etibarlı atom elektrik stansiyasının tikintisi üçün ABŞ, Fransa və Rusiya arasında tərəfdaşlığın yaradılmasına sərmayə yatıra bilərdi. Prezident Tramp azad dünya ölkələri birliyinin lideri rolunda Ermənistan və Azərbaycana sülh bəxş etməyə və bununla da layiq olduğu Nobel sülh mükafatını almağa qadirdir”.
Donald Tramp 1946-cı il iyunun 14-də Nyu-York ştatında doğulub. 1968-ci ildə Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbini bitirib, bütün karyerasını tikinti biznesinə həsr edib. 1999-cu ildən Respublikaçılar Partiyasının üzvüdür.
Ötən il noyabrın 8-də keçirilmiş ümumxalq seçkisində Respublikaçılar Partiyasının namizədi olmuş Donald Tramp Demokratlar Partiyasından Hillari Klintonu məğlub edib. O, 538 nəfərlik Seçicilər Kollegiyasına 306, Hillari Klinton isə 232 nümayəndə qazanıb. Seçicilər Kollegiyası dekabrın 19-da prezident seçkisi ilə bağlı yekun qərarını verib. Səsvermədə 304 nəfər Donald Trampı, 227 nəfər Hillari Klintonu dəstəkləyib. Seçicilər Kollegiyasındakı səsvermənin nəticəsi Konqresin yanvarın 6-da keçirilən iclasında təsdiqlənib.
Donald Tramp yanvarın 20-də səlahiyyətlərinin icrasına başlayıb.